Azərbaycan Televiziyasında Birinci Qarabağ müharibəsində qəhrəmanlıqları ilə ad çıxarmış şəhid Çingiz Cəfərovun ailəsinə hər olunmuş film nümayiş olunacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Ç.Cəfərovun ailəsi hazırda Şuşada yaşayır.
Oğlu Emil Cəfərov Şuşada təmizlik, abadlaşdırma və quruculuq işləri ilə məşğuldur, xanımı Aybəniz Cəfərova isə oğlu və iş yoldaşları üçün könüllü aşpazlıq edir.
“Yaşasın” adlı film də onların həyat hekayəsindən bəhs edir.
Belə ki, üç uşaq anası A.Cəfərova yoldaşının itkisi ilə barışmayaraq özünə qəsd edib. Lakin Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə xüsusi nəzarətdə saxlanılıb və onu həyata qaytarmaq mümkün olub.
Vətən müharibəsi başlayanda şəhid ailəsi Vətənə xidmət etmək üçün əllərindən gələni ediblər. Müharibə bitdikdən sonra isə xidmətlərini davam etmək üçün Şuşaya yollanıblar.
Qeyd edək ki, Çingiz Cəfərov jurnalist Çingiz Mustafayevi Kərkicahan döyüşündə ölümdən xilas edib.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan sənədli filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatorları Elşən Bədəlov və Elxan Rüstəmov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.
“Yaşasın” sənədli filmi dekabrın 19-u – bu gün saat 22:00-da Azərbaycan Televiziyasının (AzTV) efirində olacaq.