Son illərdə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində islahatlar gedir. Hazırda uzun müddət çalışdığım mətbuat sahəsində də geniş islahatlara başlanılıb. Artıq islahatların davamı olaraq “Media haqqında” qanun layihəsi hazırlanıb. Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin bu sahə ilə bağlı siyasi iradəsini təcəssüm etdirir.
Öncə qeyd edək ki, bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi təqdim edilir. Haqqında danışdığımız “Media haqqında” qanun ölkə mediasının inkişafına yeni imkanlar açır və yeni mərhələnin başlanğıcı deməkdir.
Bu fikrimin davamı kimi nəzərə çatdırım ki, 1999-cu ildən istifadə etdiyimiz “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bu günə qədər dəfələrlə dəyişikliklər edilsə də, müasir günümüzlə səsləşmir. Bu baxımdan müqayisə etsək görərik ki, yeni qanun layihəsi isə media subyektlərinin dəqiq təsnifatı kimi biz jurnalistlərin sosial portretini müəyyənləşdirən vasitə rolunu oynayır.
Məncə, layihə dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə töhfə verəcək, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi, şübhəsiz ki, media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.
Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, müxtəlif qurumlara, media-yayım orqanlarına ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun layihəsində əsas anlayışların şərhi yeni redaksiyada verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb. Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilib. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələr də öz əksini tapıb.
Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildir. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Yeni qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.
Qanunda çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazənin tələb edilmədiyi də qeyd olunub. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya
prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Qanunda təsbit olunan “jurnalist” anlayışı xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə etmişdir.
Və sonda onu da qeyd edək ki, qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.
Almaz Əhmədova,
Djb.az Təsisçi və baş.redaktor