"Hamı ekran qarşısında Prezidentin xoş xəbərini gözləyir"
Tarix: 5-11-2020, 13:05 | Çap et
"Hamı ekran qarşısında Prezidentin xoş xəbərini gözləyir"
Valeh Kərimov deyir ki, əvvəllər hamı maraqlı futbol oyunu üçün televiziyanın qarşısında oturardı

Artıq zəfər xəbərlərinə öyrəşmişik. Sevincimiz, uğurumuz vərdişə çevrilib. Günbəgün, addımbaaddım kəndlərimiz, yaşayış məntəqələrimiz rəşadətli ordumuz tərəfindən işğaldan azad olunur. Təkcə bir ay ərzində dörd şəhər və xeyli sayda kənd, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklər düşmən əsarətindən qurtulub. Onlara misal kimi Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Hadrutu, Suqovuşanı göstərmək olar.

“Sherg.az”ın növbəti həmsöhbəti Xalq artisti, aktyor Valeh Kərimov da ordumuzun zəfərlərindən dolayı çox sevincli olduğunu deyib. O, haqq savaşımızla bağlı bunları söyləyib.

“Bütün bunlar, əks-hücum əməliyyatları nəhəng işdir. Azərbaycan xalqına, dövlətinə layiqdir. Özü də hər birimiz üzümüzü zəfərə sarı tutmalıyıq. Ona görə ki, böyük uğurdur.

Belə günlər bəlkə də Azərbaycan tarixində görülməyib. Hamımız böyük qələbəni qeyd edəcəyimiz günü gözləyirik. Şəxsən mən səbirsizlənirəm ki, Şuşa geri qaytarılsın.

Çünki Şuşanı görməmişəm. İstəyirəm ki, gedim o yerlərə səfər edim. Onu da deyim ki, bu zəfər Azərbaycan dövlətinin, hörmətli cənab Prezidentimiz, sərkərdəmiz İlham Əliyevin tarixə yazılası nailiyyətidir. Ümidimiz çoxdur. Hər dəqiqə gözləyirik ki, xoş xəbər gəlsin.

Əvvəl hamı ya bir film, ya da maraqlı futbol oyunu üçün televiziyanın qarşısında oturardı. İndi uşaqlar, böyüklü-kiçikli hər kəs ekran başında əyləşir ki, Prezident bizə xoş xəbər verəcək. İnşallah, yaxın zamanda daha böyük, nəhəng xəbər eşidək. Və Azərbaycanın qələbə günü olsun”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net