Həkim Komarovski: “Koronavirusa inanmayanlarda, sadəcə, ağıl qıtlığı var” - MÜSAHİBƏ
Ümümdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüge iyunun 18-də - cümə axşamı keçirdiyi brifinqdə bir çox Avropa ölkələrində koronavirus pandemiyasının hələ də aktiv mərhələdə olduğunu və əvvəl infeksiya hallarında azalma müşahidə olunsa da, hazırda ümumi yoluxma göstəricisinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Yoluxma hallarının artdığı ölkələr arasında Hans Klüge Azərbaycanın da adını çəkib. Çətin ki, Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar təsadüfən qəbul edilib, bundan əlavə, Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonlarında SMS xəbərdarlıq rejimi iki həftəlik bərpa edilib.
Uşaqların sağlamlığı ilə bağlı kitabların müəllifi, tanınmış həkim, sovet və Ukrayna pediatrı, “Doktor Komarovskinin məktəbi” televiziya şousunun aparıcısı Yevgeni Komarovski Media.Az-a müsahibəsində yaranmış vəziyyəti şərh edib.
- Azərbaycanda bir neçə yumşaldılma mərhələsindən sonra karantin rejimi yenidən sərtləşdirilir. Aydındır ki, insanlar küçələrə çıxdılar, ticarət mərkəzlərinə getdilər, sosial məsafəni gözləmədilər. Nəticədə, ölkədə koronavirusa yoluxmada kəskin artım oldu.
- Düşünürəm ki, söhbət təkcə, belə deyək, insanların sosial məsafəni pozmasından getmir. Bütün bunlar psixoloji baxımdan asanlıqla izah olunur. İnsanların ünsiyyət olmadan məhdudiyyət rejimində yaşaya bilməyəcəyi aydındır. Artıq bir neçə aydır ki, onlar hər yerdə “koronavirus” sözünü eşidirlər, əhali bununla barışıb, qorxmaqdan əl çəkib. Buna görə, infeksiyanın artması qanunauyğundur.
- Bəs əgər belə demək mümkündürsə, qonşu Gürcüstan fenomenini necə izah etmək olar? Cənubi Qafqazdakı ölkə lap əvvəldən sərt tədbirlər gördü. Lakin orada son bir neçə gündə ya ümumiyyətlə yoluxma olmur, ya da bir neçə nəfər olur...
- Bəs sizin Gürcüstanda nə qədər test aparılması barədə məlumatınız var?
- Azərbaycan haqqında deyə bilərəm - 10 milyon əhaliyə 400 mindən çox. Ancaq Gürcüstanla bağlı dəqiq məlumatım yoxdur.
- Bu, prinsipial məqamdır. Kiprdə COVID-19-a yeni yoluxma halının olmaması barədə məlumat aldıqda, buna inana bilərəm. Bu, həqiqətə bənzəyir, çünki oraya yalnız təyyarə ilə gedə bilərsiniz, bütün gələnlər isə dərhal test olunur. Ancaq Gürcüstana gəldikdə, yox. Çünki ətrafda (qonşu ölkələrdə - red.) problemlər var. Bu, daha çox turizm mövsümünü xilas etmək üçün reklama bənzəyir.
- Tam tibbi olmasa da, başqa bir məsələ ilə bağlı fikirlərinizi soruşmaq istəyirəm. Bizdə də bir çox ölkələrdə olduğu kimi, koronavirusun mövcudluğunu inkar edən “sekta” mövcuddur. İş o yerə çatıb ki, bəziləri COVID-19-a yalnız yaxınları öldükdən sonra “inanacaqlarını” yazırlar. Bu nədir və ümumiyyətlə, bu halı necə izah etmək olar?
- Bunu söyləmək üçün böyük ağıl sahibi olmaq lazım deyil. Çox güman ki, əksinədir. Xəstəliyə inanmaq üçün kimisə öldürməsi və ya insanı xəstəxana çarpayısına gətirməsi lazımdır? Bir daha təkrar edirəm, çox güman ki, bunu iddia edənlər beyin qıtlığı olanlardır. Təəssüf olsun ki, insanlar çox idarəolunandır, son hadisələr bunun sübutudur. Təhsil səviyyəsi heç də yüksək deyil. İnsanlar dövlət xadimlərinin dediklərində başqa məna axtarmağa meyillidirlər. Sosial şəbəkələr isə, ümumiyyətlə, manipulyasiya mexanizmdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, insanlar artıq koronavirus mövzusundan beziblər. Fevral-mart aylarında gündə COVID-19-la bağlı sualların verildiyi 500-dən 600-ə qədər məktub alırdım. Bəs indi? Bu mövzuda gündə maksimum üç məktub gəlir və bu, dünyanın bütün ölkələri üzrə yoluxanların sayının artmasına baxmayaraq, belədir. İnsanlar, sadəcə, bu barədə eşitmək istəmirlər, onlar yorulublar.
- Koronavirus xəstələrini tez-tez ağciyərlərin süni ventilyasiyası aparatına qoşurlar. Lakin bəzi hallarda EKMO (ekstrakorporal membran oksigenləşdirmə cihazı) istifadə olunur. Bu cihazdan bizdə bütün ölkənin sevdiyi Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi üçün istifadə olunur. Ağciyərlərin süni ventilyasiyası aparatı ilə EKMO arasında fərq nədir?
- Ağciyərlərin süni ventilyasiyası aparatı, əslində, nasos kimi çalışan, ağciyərlərə hava çatdıran və daha sonra onu pompalamaqla xəstənin nəfəs almasına yardım edən qurğudur. Bu cihaz keyfiyyətli olarsa, hava təchizatı təzyiqini tənzimləyə, onu təmizləyə, nəmləndirə və s. edə bilər. Əgər ağciyərlərin zədələnməsi total xarakter daşıyırsa, o zaman bu aparat heç nəyə yaramır.
EKMO isə başqa şeydir. Əslində, bu, süni ağciyərdir, qan aparatdan keçir, oksigenlə zənginləşir. Beləliklə, vaxt qazanılır ki, orqanizm immunitetin hesabına ağciyərlərdəki infeksiyanı məğlub etsin. Bu, əlbəttə ki, bahalı prosedurdur. Sağalma şansı var, amma EKMO-dan istifadə olunursa, deməli, vəziyyət mürəkkəbdir. Bəhram Bağırzadə ilə şəxsən tanış olmasam da, onun sağalmasını arzu edirəm!