Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə kamança ustadı, Əməkdar artist Elnur Əhmədov da iştirak edib.
E.Əhmədov ən böyük arzusunun Zəngilanda anadan olduğu evdə kamança ifa etməsi olduğunu deyib:
“Doğma Zəngilan torpağında Sizi salamlayıram, Mehriban xanımı ürəkdən salamlayıram. Mən bu torpaqda dünyaya göz açmışam, məhz daşıyıcısı olduğum bu sənəti Zəngilan rayonunun Məmmədbəyli kəndində sevmişəm. Allah Sizləri var eləsin. Mehriban xanıma mən məxsusi təşəkkürümü bildirirəm ki, bizim muğamımızın dünyaya inteqrasiya olunmasında məxsusi xidmətləri var.
Cənab Prezident, biz “Qarabağ” muğam qrupu olaraq xanəndə, Xalq artisti Mənsum İbrahimov, sənət dostlarım Elçin Həşimov və Kamran Kərimov ilə birgə dünyanın demək olar, elə bir ölkəsi yoxdur ki, orada konsert proqramı ilə çıxış etməyək. Amma hər birimizin böyük arzumuz, bizim üçün dünyanın ən böyük səhnəsi Siz başda olmaqla, Mehriban xanım başda olmaqla Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı idi. Çünki bizim üçün ondan böyük, şərəfli gün yox idi. Cənab Prezident, hörmətli Mehriban xanım, mənim ən böyük arzum o idi ki, anadan olduğum o kənddə, uçuq da olsa, o evdə kamançamın səsi gəlsin”.
Əməkdar artist dövlət başçısına yaradılan şəraitə görə təşəkkür edib.
Daha sonra Əməkdar artist Almaz Orucova Elnur Əhmədovun müşayiəti ilə muğam ifa edib.