Ötən il pandemiya səbəbindən ləğv edilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi bu il canlı keçiriləcək.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, müsabiqə bu il 18, 20, 22 may tarixlərində Hollandiyanın Rotterdam şəhərində, "Ahoy" arenasında keçiriləcək.
Müsabiqədə 41 ölkənin iştirak edəcəyi gözlənilir.
Təşkilatçıların yeni qərarına əsasən müsabiqədə iştirak edəcək ifaçılar Hollandiyaya getməzdən 5 gün əvvəl özlərini karantinə almalı və COVİD-19 testindən keçməlidirlər. Həmçinin protokola görə ifaçılar yarış axşamları və məşqlər xaricində qaldıqları oteldən kənara çıxmamalıdırlar.
Azərbaycanı "Avroviziya-2021" yarışmasında müğənni Əfəndi təmsil edəcək.
Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi sonuncu dəfə 2019-cu ildə İsraildə keçirilmişdi. Müsabiqənin qalibi hollandiyalı Dunkan Laurens olmuşdu.