“Vüqar Qaradağlı bütün arxivləri əlimdən aldı”
Tarix: 28-04-2015, 09:42 |
Çap et
Ötən bazar günü saat 22.00-da teleaparıcı Xoşqədəm Hidayətqızının təqdim etdiyi “Xoşqədəmlə axtarıram səni” verilişinin ANS kanalında ilk buraxılışı efirə yayınlandı. İki həftə öncə ATV telekanalındakı “Səni axtarıram” verilişi dayandırılan Xoşqədəm Hidayətqızının qısa müddətdə ANS kanalında eyni gündə, eyni saatda, eyni formatlı verilişlə efirə çıxması tamaşaçı kütləsinin marağında idi.
Vertikal.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı musavat.com-a açıqlamasında ANS-də ilk verilişinin uğurlu alındığından danışıb: “Öncə bütün jurnalist həmkarlarıma təşəkkürlərimi bir daha bildirirəm ki, ATV-də verilişim dayandırıldığı o günlərdə öz ədalətli mövqeləri, yazıları ilə mənə güc verdilər. Bu layihənin çətinliklərini, əzablarını beş il əvvəl onu yaradanda və bütün fəaliyyəti boyu yaşamışam. İlk bir ildə hər buraxılışı çox çətinliklə ərsəyə gətirirdik. Amma artıq bu beş ildə kifayət qədər tanınmış, sevilən bir veriliş, layihəyə çevrildi. Bununla belə çox böyük tamaşaçı auditoriyası olan yeni telekanalda efirdə olmaq, ilk verilişi hazırlamaq da böyük çətinlik idi, böyük məsuliyyət tələb edirdi. Bilirsiniz ki, ATV prezidenti Vüqar Qaradağlı verilişimin bütün arxivlərini mənim əlimdən alıb. Ona görə də ANS-də ilk buraxılışımızda biz arxivlər əlimizdə olmadığı üçün bir çox talelərlə bağlı materialları göstərə bilmirdik. Bir həftənin içində dekorasiyanın qurulması, bu verilişin yenidən hazırlanması çox əziyyətlərlə mümkün oldu. Efirdə veriliş bitənə qədər inana bilmirdik ki, biz bu qədər qısa müddət bunu bacardıq. Biz əslində mümkün olmayanı mümkün etdik, bacardıq. Biz cəmi bir həftə efirdə olmadıq. Növbəti həftədə biz eyni vaxtda, eyni saatda efirdə olduq. Bir həftə ərzində gecəmiz-gündüzümüz olmadı. Şənbə günü 3-4 saatlıq çəkilişi olan verilişi bazar günü efirə çıxarmaq qeyri-mümkün idi, lakin biz bunu bacardıq.
Arxivlərin yoxluğunu, müəyyən əyri-əskikləri tamaşaçı hiss etmirdi. Amma biz özümüz komanda olaraq hiss edirdik, görürdük ki, harda xatırlatma getməli idi, harda nə olmalı idi. Materiallar Vüqar Qaradağlıda olduğu üçün biz məcbur olub tamaşaçıya şəxslərlə bağlı şifahi xatırlatma etməli olurduq, yəni süjet əvəzi mənim sözlərimlə izahat, xatırlatma edildi. Bununla belə, veriliş sonadək yüksək səviyyədə efirə getdi və biz böyük bir işi bacardıq. Dəstəyə görə ANS rəhbərliyinə və tamaşaçılara çox təşəkkür edirəm. Bütün bunları, mənim komandam, ANS bacardı”.
X.Hidayətqızı ATV kanalının qurucusu Həsən Abdullayevə ədalətli mövqeyinə, dəstəyinə görə xüsusi təşəkkür etdi: “Həsən Abdullayevdən sonra ATV-də heç bir yenilik yoxdur. ATV-ni quran, bu kanala böyük paralar qazandıran və bu xətti qoyub gedən Həsən Abdullayev təşəkkürümü bildirirəm ki, çətin anlarda ədalətli mövqeyini ortaya qoydu, qara niyyətli insanları yerində oturdan açıqlama verdi, doğrunu dedi ki, “Səni axtarıram” verilişi Xoşqədəm Hidayətqızı tərəfindən yaradılıb. Həsən müəllim böyük bir kişilik nümayiş etdirdi. Həsən Abdullayevin o kəlməsi Xoşqədəmin, “Səni axtarıram”ın yenidən doğulması idi”.
X.Hidayətqızı sonda dedi ki, növbəti verilişlərdə çox maraqlı talelərdən xəbər olacaq.