“Araq içmirəm, siqaret çəkmirəm, o filmlərə də baxmıram”
Tarix: 27-04-2015, 10:04 |
Çap et
Bu günlərdə aktyor, rejissor Elxan Qasımovun 70 yaşı tamam oldu. E.Qasımov çox maraqlı, koloritli müsahibdir. Müsahibə zamanı yubileyi ilə bağlı telefonu susmaq bilmirdi, söhbəti kəsməli olurduq. Ona görə müsahibə bir az süjet qırıqlığı olan film kimi alındı.
-Elxan müəllim, zəngin filmoqrafiyanız var, məşhur rejissorlarla işləmisiz, assistent, ikinci rejissor olmusuz, bir neçə bədii film çəkmisiz, müxtəlif rollar oynamısız, “Mozalan”da maraqlı işləriniz var. Amma daha çox “şofer Əhməd” obrazı ilə tanınırsız. Bu, sizi incidirmi?
-Düzünü deyim? Mənim üçün xoşdur. Çox az sənətkar var ki, 70 yaşından sonra, - icazə verin sənətkara deyim, bir az da yüngül desək, az-az sənətçiyə nəsib olur ki, hər hansı yaratdığı obrazla, əsəri ilə tarixə düşsün. Çox səmimi deyirəm əgər bu rolu 30-35 yaşımda oynasaydım, bu suala cavab verməyə bir az çətinlik çəkərdim. Çünki yetkinləşmiş, müxtəlif obrazları oynamış aktyor olardım. Amma bunu 18 yaşında oynamışam. Adil İsgəndərov romantik teatrın parlaq rejissoru idi, yaxşı pedaqoq idi. O yaratdı həmin obrazı. Və mən filmdən sonra ikiləşdim. İkiləşdim ona görə ki, işin fəlsəfi tərəfinə getsək mən bilmədim Elxanam ya şofer Əhmədəm. Çünki Əhməd dedilər, dedilər, sonra şofer Əhməd dedilər, sonra Əhməd dayı dedilər, daha sonra Əhməd müəllim dedilər. İkiləşdim amma fikrimdə yox. Sadəcə çalışdım insanlar, xalq həmin obrazı sevdiyi üçün mən də elə olum. Haqqım yoxdur ki, onların filmə, obraza məhəbbətinin üstündən xətt çəkim. Bəzən əhval-ruhiyyəm yerində olmayanda çalışdım ki, ona oxşayım. O cür gülüm, danışım. Bu mənada çox razıyam. Akyor kimi filmoqrafiyamda çox obraz yoxdur. Amma məni tanıyan sənət dostlarım bilir ki, özüm qılıqlıyam, xasiyyətcə ünsiyyətcil, yeyib-içən, sevən, pul xərcləyən adam olmuşam. Və imkanlarımdan heç vaxt kinoda istifadə eləməmişəm. Tutduğum mövqelərə görə, dostlarımın çoxu film çəkdiyinə görə istənilən filmdə oynaya bilərdim. Baş rolları nəzərdə tutmuram, o, xüsusi adamlar üçün yazılırdı. Nəsə elə bilmişəm ki, daha sonra yaxşı olar.
-Baş rola iddialı olmamısız?
-Heç vaxt. “Yeddi oğul istərəm” filmində sınaq çəkilişləri bəlkə də mənim yaratdığım orazların hamısından yaxşı idi. Elə oldu ki, mən çəkilmədim.
-Hansı rola dəvət olunmuşduz?
-Cəlal obrazına. Vəfa tərəf-müqabilim idi Humay rolunda.
-Hansı Vəfa?
-Fətullayeva. Sizin nəzərdə tutduğunuz Vəfa hələ anadan olmamışdı (gülürük). Yəni mən sənətdən heç vaxt küsməmişəm. Yəni oynadığım obrazlar, çəkdiyim filmlər mənə təklif olunub.
-Yəni arxasınca qaçmamısız...
-Mən rol arxasınca qaçmağı qəbahət saymıram. Əksinə qaçmamağı tənbəllik sayıram. Mənə ssenari təklif olunub, onu düzəldib çəkmişəm. Hərçənd, beynimdə böyük materiallar var. Dostlarıma, həmkarlarıma film haqda verdiyim məsləhətlər çəkdiyim filmlərdən yüksəkdir. Çünki Leninqrad məktəbini, Adil İsgəndərov məktəbini keçmişəm. Arxaya baxanda çox sevinməsəm də xəcalət də çəkmirəm. Sən bayaq “Köhnə bərə” filmini deyəndə xoşuma gəldi, sevindim. Rasim Ocaqov o filmə baxandan sonra dedi ki, nəhayət, filmdə təbii dildə danışan, təbii insanlar gördüm. Əladır. Amma süjet bir şey deyil. Kolxoz–molxoz idi süjet.
-Razı deyiləm. Əhvalatda kolxoz motivi olsa da, indi də aktuallığını itirməyən mövzular var: kənd-şəhər münasibəti, mentalitet problemləri. Sadə, pafossuz filmdir.
-Rasim Ocaqovla özün bilərsən (gülüş). Mən bütün filmlərimdə çalışmışam ki, maarifçilik olsun, əxlaq birinci yerdə dursun. Qadın-kişi əxlaqı nəzərdə tutmuram.
-Orda bir səhnə var bazarda. Satıcı deyir ki, ailəmi dolandıra bilmirəm, məcburam alver etməyə. Sovet dövründə sovet adamının bunu deməsi narazılıq doğurmadı?
-Bir haşiyə çıxım. Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmində Vəli obrazını oynamışam. Mənə dedi ki, lap şux yeriyirsən. Dedim, mənim yerişim şuxdur, axı, rəqqasam. Dedi mən axı, onda necə bildirim ki, bəylər bu həşəratlardan daha yaxşıdır. Deyə bilmərəm axı birbaşa. İndi mən də sözümü mətnlə verməməyə çalışırdım. “Köhnə bərə” üç baş katibin – Brejnevin, Andropovun, Çernenkonun dövründə çəkilib. Brejnev öldü, yerinə Andropov gəldi. O da tez öldü, Çernenko gəldi. O dövrdə də dedilər ki, üzümçülüyü artırın Azərbaycanda, amma birdən onu saxladılar. Bu film son dövrlər ekranlara gedəndə Akif Əli və Əli Həsənovun müavini zəng elədi ki, bu, nə qədər saf kinodur, biz bunu niyə görməmişik. O zənglər olanda sevinirəm. Orda təmizlik, kadr mədəniyyəti vardı. Bir də o flmdə yataq səhnəsi vardı, Fəxrəddin Manafovla Sona Mikayılovanın. Elə bil, kimsə dedi ki, sənin filmində belə şey olmamalıdır. Sonra bu səhnəni çıxartdıq.
-Filmdə çox uyumlu aktyor ansamblı, yaxşı ifa var. Elə bu filmdə gözəl oyun nümayiş etdirən aktyorların bir qismi niyə indi elə oyun göstərə bilmirlər.
-Birincisi, mən bunu rejissora bağlayıram. Rejissor o səviyyədə deyilsə alınmayacaq. Hansısa səhnə mizanında xəta edə bilərsən, hansısa süjet xəttini aparanda axıra qədər nəfəsin çatmaz. Nəfəs deyəndə, əslində intellekti, obrazı görmə qabiliyyətini nəzərdə tuturam. Muxtar Manıyevlə, Ramiz Əzizbəyli ilə işləyəndə istədiyini almaq lazımdır ki, “artistlik” eləməsinlər.
-Siz özünüz də aktyorluğu bitirmisiniz. Necə işləyirdiz? Çətin olurdu?
-Mən həm aktyorluğu bitirmişəm, həm məktəb keçmişəm. Ən görkəmli aktyorlarımıza məsləhətli söz demişəmsə qulaq asıblar. “Mahnı dağlarda qaldı” filmini mən Əbdül Mahmudovla (Şeyx Əbdül Mahmudbəyov-red.) bitirmişik. Kamil Rüstəmbəyov xəstələndiyi üçün. Həsən Məmmədovun oynadığı Bahadırın ölüm səhnəsini mən çəkmişəm. Yarım saat dizi üstə məşq elədik, o ölüm səhnəsini almaq üçün. Onu almaq üçün ya söhbətlə, ya özün bilərəkdən oynamaqla atmosferə salırsan. Və onu alırsan. Ona görə təbii oynayırlar. Ələddin Abbasovu pafosdan, romantik aktyor məktəbindən çıxartmaq üçün işləmək lazımdır. Filmdə ən çox aktyorla işi sevirəm. Bir də estet olmağım köməyə gəlir.
-“Qocalar, qocalar...” filmində cavanların doğma evini tərk etməsi, qatar səhnəsi Odzunun “Tokio əhvalat”ını xatırlatdı. Təsirlənmə olmuşdu?
-Biz bu filmi Yefim Abramovla çəkmişik. O da Moskvadan gəlmişdi, müasir kinoya məndən bir az daha yaxın idi. Mən rejissorluğu ondan yaxşı bilsəm də onun əsas işi ssenaristlik idi. Yaxşı ssenariləri var. O, təklif eləmişdi qatar səhnələrini, mən də işlədim. Biz tandem yaratmışdıq Abramovla. Birinci biz Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni ekranlaşdırmaq istəyirdik. 1984-85-də. Amma Anar razılaşmadı. Biz bunu başqa cür çəkməyi düşünürdük. Dərin ekranizasiya istəyirdik. “Təhminə” filmini Rasim Ocaqovun uğurlu filmlərindən saymıram. “Park”, “Ad günü”, ”İstintaq” kimi güclü deyil. “Təhminə” isə bir az “Səhər görüşləri” verilişinə, xalqa yaxın, elə “Əhməd hardadır”a yaxın yüngül filmdir. Mən onu Yefimlə işləyəcəkdim. Hiss elədim ki, bizim ümumi birliyimizə qısqanclıq var. Çünki biz birdən-birə meydana çıxdıq. Cəmil Əlibəyov çağırdı ki, Əhmədağa Qurbanovun “Çoban bayatı” əsərini Moskvadan keçirin, filmi çəkin. Bir həftədə Yefimlə ssenarini yazdıq. Moskvada razılıq aldıq. Daşkəsəndə çəkdik. Çətin dövr idi. Biz aktyorları elə bil borcla alırdıq. Onları bir yerə yığmaq çətin idi, aktyor deyirdi ki, uç saat vaxtım var. Imkan daxilində çəkirdik. Sonra mənə burda “pravkom” vəzifəsi verdilər. O vaxtdan da tənbəllyim başladı.
-Çox rejissorla işləmisiz, bu, sizə hansı təcrübəni verdi?
-Rejssordan çox kinoda operator Rasim İsmayılov yadımda qalıb. O daima axtaran, novator operator idi. Onu “Nəsimi”, “Babək” filmlərinin həm də rejissoru sayardım. Aktyora sərbəstliyi o verdi birinci. Məsələn, aktyor üçün təbaşirlə cızıq çəkmirdi ki, bura kimi getməlisən. “Axırıncı aşırım”da həm kadrları qurmaqda rolu böyük idi. İntellekti, savadı, yaxşı xasiyyəti, bacarığı vardı. Amma rejissorların hərəsindən bir az öyrənirdim. Adil müəllim səni elə işlədirdi ki, başa düşmürdün obraza nə vaxt girmisən. Amma mən istəyirdim anlayım ki, sonra gələcəkdə ondan istifadə edim. Həsən Seyidbəylinin filmində balaca epizodda çəkilmişəm. O, teatr rejissoru kimi isləyirdi, sözlərə, intonasiyaya çox fikir verirdi. Teatr rejissoru deyildi amma. Kinoda bu şeylərə adətən fikir vermirlər, yəni intonasiyaya, sözlərə. Sonrakı prosesdə düzəldirlər. Əsas vəziyyətdir.
Rasim Ocaqov işə başlamazdan əvvəl xəttat kimi nüanslarla işləyirdi. Rejissor var ki, karkas hazırlayır, sonra xırdalıqları edir. O, təfərrüatlardan karkas hazırlayırdı.
-Son bir ildə kommersiya filməri çəkilir. Məlumatınız var, gedirsinizmi?
-Yaxınlarda “Toy 2” filmi haqda oxudum ki, qayınata ilə kürəkəni homoseksual ediblər. Rəssam dovşan çəkib altında fil yazırsa bu, fil olmur. Onlar kino deyil. Onlar Azərbaycan kinosuna ləkə gətirən şeylərdir. İnsanlar elə bilirlər, bunlar “Azərbaycanfilm”də çəkilir. Bizdə zəif, güclü filmlər var. Amma səviyyəsiz və film olmayan filmlər çəkilmir. Çünki “Azərbaycanfilm”də məktəb var. Rəssamlıqda “primitivizm” deyilən şey var. Pirosmani kimi də çəksəm deyəcəklər bu, rəsm deyil. Çünki Pirosmani peşəkar rəssamdı. Bunlar əlifbanı bilib sonra çəksinlər. Bir də insanın fiziki çatışmazlıqlarından istifadə edib güldürməzlər. Bu, təhqirdir. Elə bilirlər ki, bizim kinostudiyadakı ikinci rejissorlar, assistentlər elə film çəkə biıməzlər. Onlar kinonu bildikləri üçün elə film çəkməyə utanırlar. Araq içmirəm, siqaret çəkmirəm və o cür filmlərə baxmıram. (gülür) Baxmıram ki, korlanmayım. Çox təəssüflənirəm ki, küçədə, bazarda o qədər söyüş eşitmirəm, nəinki ekranda, kənarda çəkilən filmlərdə. Nifrəti bildirmək üçün mütləq söyüş söymək lazım deyil. Obrazı mənfi göstərmək üçün pis danışmaq lazım deyi. Bir söz var, insan təbii olmayanda deyirlər, “artistlik eləmə”. İndi bunların hamısının filminə deyəsən, artistlik elmə. Sanki bu sözü təsdiq eləmək istəyirlər. Xalqda kinoya nifrət oyadırlar. Amma cavanlardan Rövşən İsaqın “Aktrisa”, Asif Rüstəmovun “Axınla aşağı” filmində səviyyə, kadr mədəniyyəti var. Asif Abramovun da adını qeyd edə bilərəm.