Xalq artisti onu təbrik edənlərə səsləndi: “Vikipediya”da doğum tarixim səhv yazılıb” - ÖZƏL
“Mən bu gün yox, mayın birində dünyaya gəlmişəm”.
Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
“Vikipediya”da dərc olunan məqalədə sənətkarın doğum günü iyunun 6-sı qeyd olunsa da, aktrisa bu məlumatın doğru olmadığını açıqlayıb:
“Bu gün bütün kanallar məni doğum günü münasibəti ilə təbrik ediblər. Hamıya təşəkkürümü bildirirəm. Amma “Vikipediya”da doğum tarixim səhv yazılıb. Orada daha bir səhv aldığım “Xalq artisti” fəxri adı ilə bağlıdır. Mənə bu fəxri ad 2002-ci ildə deyil, 2000-ci ildə verilib. Çalışdığım truppaya da dedim ki, imkan daxilində “Vikipediya” ilə əlaqə saxlayıb, bu məlumatları doğru qeyd etsinlər”.
Sənətçi ölkəmizdə son günlər koronavirusa yoluxan insanların sayının çoxalması səbəbi ilə karantin rejiminin həftəsonu yenidən sərtləşdirilməsinə də münasibət bildirib:
“Operativ qərargah doğru addım atıb. Yoluxanların sayı getdikcə çoxalır. Bu da ondan irəli gəlir ki, insanlar bu virusu heçə sayır, onun varlığına inanmırlar. Bunlar isə səhv fikirlərdir. Qorunmasaq, təhlükəli virus bizi ağuşuna alacaq. İnsanlar ayıq və diqqətli olmalıdır.
Mən risk qrupuna daxiləm. Çünki illər əvvəl Türkiyədə beynimdən əməliyyat olunmuşam. 61 yaşım oldu. Özümü virusdan qorumaq üçün mütəmadi dezinfeksiyaedici məhlullardan istifadə edib, tibbi maska taxıram. Zəruriyyət və işim olmadıqda isə ümümiyyətlə küçəyə çıxmıram. Çox zaman evdə otururam. Gəzməklə aram yoxdur. Amma səhhətimə görə açıq havada gəzməliyəm.
Redaksiyanız vasitəsilə insanlara səslənirəm, özünüzü təhlükəli və gözə görünməz virusdan qoruyun! Özünüzü qorumaqla ailənizi və yazınlarınızı qoruyacaq, onların həyatlarını təhlükəyə atmayacaqsınız. Dövlətin qəbul etdiyi karantin qaydalarına riayət etmək vətəndaşlıq borcumuzdur”.