Vidadi Zeynalovla Əflatun Məmmədovun ortaq biznesi
Tarix: 17-11-2015, 15:35 | Çap et
Vidadi Zeynalovla Əflatun Məmmədovun ortaq biznesi
Qəzetimizin 14.11.2015-ci il tarixli sayında ““MTN işi” ilə bağlı Əflatun Məmmədovun da adı gündəmə gəldi” sərlövhəli məqalə dərc olunmuşdu. Redaksiyamıza təqdim olunmuş inkarolunmaz dəlillərə əsaslanaraq, həmin materialda biz qeyd etmişdik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyinə dair əsaslı iddialar mövcuddur. Məlum olduğu kimi, noyabr ayının 12-də nazir Əli Abbasov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işdən çıxarılıb. Bu isə əlbəttə ki, ilk növbədə nazirliyin bir çox struktur bölmə rəhbərlərinə qarşı “MTN işi” ilə bağlı müxtəlif ittihamların irəli sürülməsilə bağlıdır. Həmçinin bununla əlaqədar artıq RYTN-in bir çox yüksək vəzifəli əməkdaşları həbs olunmuşlar ki, onların da sırasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və digərləri də var. Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar aparır. Bu xüsusda yayımlanan məlumata görə, nazirlikdə həyata keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İddia olunur ki, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz vurğulamışdıq ki, bir vaxtlar ölkə mətbuatında hətta “nazirdən güclü fiqur” kimi təqdim olunan RYTN-in aparat rəhbəri Vidadi Zeynalov, vəzifədə olduğu illər ərzində özünə yaxın olan kadrlardan ibarət əhatəli bir şəbəkə yaratmağa nail olmuşdur. Bu xüsusda mənbələr bildirirlər ki, aparat rəhbərinin bir vaxtlar vəzifəyə təyinatı üçün kifayət səy qədər göstərdiyi kadrlardan biri də məhz Əflatun Məmmədov olub. Maraqlıdır ki, bu günədək Vidadi Zeynalovla Əflatun Məmmədovun adlarının belə yanaşı çəkildiyi məlumatlara həm mətbuatda, həm də internet səhifələrində son dərəcə nadir hallarda rast gəlinib. Mənbə iddia edir ki, bu hal birbaşa keçmiş aparat rəhbərinin gördüyü müvafiq tədbirlər sayəsində yaranıb. Lakin bu heç də adları çəkilən məmurlar arasında münasibətlərin olmadığına dəlalət etmir. Əksinə, iddia olunur ki, məhz Vidadi Zeynalovun himayəsi və nəzarəti altında DRİ rəhbəri qurumun bəzi funksilarının öz qardaşının rəhbərlik etdiyi özəl şirkətə verilməsinə nail olub. Yeri gəlmişkən, məlumatı təqdim edən mənbə xüsusi olaraq vurğulayır ki, Əflatun Məmmədovun qardaşı Namiq Məmmədova məxsus olan həmin şirkətin fəaliyyət dairəsində Vidadi Zeynalovun DRİ rəhbəri ilə kəsişmə nöqtələri daha çox olub. Həmçinin mənbə iddia edir ki, bu şirkətin fəaliyyətinin təmin olunması üçün DRİ-nin balansında olan xüsusi avadanlıq və cihazlardan istifadə hallarına da kifayət qədər tez-tez yol verilib...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net