“Araşdırmalar başa çatdıqdan sonra Eldar Mahmudov da həbs olunacaq”
Tarix: 27-10-2015, 15:19 | Çap et
“Araşdırmalar başa çatdıqdan sonra Eldar Mahmudov da həbs olunacaq”
Milli Təhlükəsizlik Nazirliyi ətrafında davam edən hadisələr ölkə gündəminin əsas mövzusu olaraq qalmaqdadır.

Eks-nazir Eldar Mahmudov işindən azad olunduqdan sonra nazirlikdə olan bir sıra yüksək çinli məmurlar həbs olunub. Maraqlıdır, MTN-də həbslər bundan sonra da davam edəcəkmi?

Hafta.az-a açıqlama verən keçmiş müdafiə naziri Rəhim Qazıyev belə bir ehtimalın yüksək olduğunu bildirib:

“Eldar Mahmudov və ətrafı 11 ildir ki, Azərbaycanın milli təhlükəsizliyinin qeydinə qalmaq əvəzinə, cinayətkar şəbəkə quraraq insanların var-dövlətini talan ediblər. Eldar Mahmudov özü bir vaxtlar iqtisadi cinayətlərə qarşı idarədə büro rəisi işləyib. El dilində desək, “obaxees”. Sovet dövründə yaşayanlar bu qurumun nə olduğunu çox gözəl bilir. Onlar küçədə tum, su satandan, dəlləkdən, pinəçidən, papaqçıdan haqq yığan insanlar idilər. Eldar Mahmudov MTN rəisi olduqdan sonra köhnə peşəsinə uyğun olaraq ticarətlə məşğul olan insanlardan haqq tələb etməyə başladı. Amma bu dəfə daha böyük işlərlə məşğul olurdu. Artıq mətbuata da məlum olub ki, Eldar Mahmudov qeyri-qanuni yolla ölkədən 2 milyard dollara yaxın pul çıxarıb. Sadə bir vətəndaş banka 5-10 min manat pul qoyan kimi MTN onun bütün nəslini araşdırırdı, amma özləri qanunsuz yollarla banklara milyonlarla pul qoyub ölkədən çıxarırdılar. MTN-in müharibə üzü görməyən bəzi generalları göründüyü kimi prezidentin onlara göstərdiyi etimaddan sui-istifadə ediblər. Məncə, Milli Təhlükəsizlik Nazirliyində həbslər bundan sonra da davam edəcək. Növbə Eldar Mahmudovun özünə də çatacaq. Onu bu gün həbs etməmələrinin səbəbi odur ki, keçmiş nazir pullarını başqa adamlara, fərqli bank hesablarına yatırıb, hazırda bunlar araşdırılmaqdadır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net