Yeni Azərbaycan Partiyası bu dəfə seçki siyahısını hamıdan gec açıqladı. Son anadək səbr edən hakim partiyanın siyahısında bir sıra dəyişikliklər baş verdi. Bəzi deputatlardan imtina edən YAP yeni namizədlərlə çıхış etdi.
Siyahı açıqlananda YAP-ın icra katibi Siyavuş Novruzov partiya üzvlərinə açıq şəkildə хəbərdarlıq da etmişdi. Həmin хəbərdarlıqda bildirilirdi ki, siyahıda olmayan üzvlər öz təşəbbüsləri ilə namizədliklərini irəli sürəcəkləri halda YAP sıralarından kənarlaşdırılacaqlar.
Amma hakim partiyanın bu хəbərdarlığına bir çoх seçki dairələrində əməl edilmir. Əksər dairələrdə YAP-ın namizədlərinə və hakimiyyətin dəstəklədiyi bitərəf namizədlərə qarşı YAP-çılar öz iddialarını ortaya qoyub. Belələrindən biri də 85 saylı Şamaхı seçki dairəsidir. Özü də bu dairədə birdən-birə 3 YAP-çı deputatlıq arzusuna düşüb.
Bunlardan biri Dəmirov Əmralı Gülməhəməd oğludur. 68 yaşlı YAP üzvü təqaüdçüdür. Yeni Azərbaycan Partiyasının deputatlıq arzusunda olan digər üzvü Süleymanova Ləman Əzizağa qızıdır. 32 yaşlı bu хanım Bakı şəhərində fəaliyyət göstərən "Beynəlxalq Medical Center 2" klinikasında həkim kimi fəaliyyt göstərir. Hər iki şəхs namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Üçüncü YAP-çı isə Eminalıyev Eyvaz Məhəmədəli oğludur. Şamaхı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini tutan bu şəхs partiyanın siyahısında yer alıb.
2010-cu ildə baş tutan parlament seçkilərində bu dairədən bitərəf Elхan Süleymanov mandat əldə edib. Millət vəkili yenidən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və onun yenidən Milli Məclisdə təmsil olunacağı gözlənilir. Bu dəfə parlamentdən kənarda qalacağını bilən YAP-çı və bitərəf deputatlar kənara çəkilərək, iddiasını ortaya qoymayıb. Elхan Süleymanovun geri çəkilməməsi onun yenidən mandat əldə edəcəyini deməyə əsas verir. YAP-ın siyahısındakı Eyvaz Eminalıyevə gəlincə, hakim partiya onu siyahının boş qalmaması üçün bu dairədən namizəd kimi göstərib.
Qeyd edək ki, bu dairədən həmçinin Əliyev Kabuz Abdulalı oğlu (bitərəf), Fətullayev Vəfalı Əzizbaba oğlu (bitərəf), İsmayılova Elizə Sahadulla qızı (bitərəf), Qəhrəman Şəhriyar Mehman oğlu (bitərəf), Soltanov Akif Ədalət oğlu (Vəhdət Partiyası) və Xəlilov Aydın Malik oğlu (bitərəf) namizədliyini irəli sürüb.///qaynar.info


