
Təhsil sistemində yalnış kadr islahatı bu sistemi acınacaqlı duruma salıb. Yanlış kadrlar təhsil sahəsində çoxsaylı problemlərin yaranmasına səbəb olur. Paytaxtda fəaliyyət göstərən təhsil ocaqlarının əksəriyyətində ciddi nöqsanlar və çatışmazlıqlar hökm sürməkdədir. Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseyi ilə bağlı redaksiyamıza şikayət xarakterli məktublar daxil olmaqdadır. Şikayət məktubunda göstərilir ki, Texniki Humanitar Liseyində özbaşınalıq baş alıb gedir.
Vertikal.az bildirir ki, Nəsimi rayon Texniki-Humanitar lisey 2000-ci ildə fəaliyyətə başlayıb. Hazırda sözügedən təhsil ocağının direktoru Səidə Zeynalovadır. Mənbə bildirir ki, Səidə Zeynalova əvvəlki direktorun yolunu davam etdirir. Zeynalovanın yol verdiyi nöqsanlar liseydə tədrisin səviyyəsini aşağı salıb. Bundan başqa təlim-tərbiyə prosesinin səmərəliliyini minimuma endirib. Dərslər yeni açılmasına baxmayaraq təhsil ocağında özbaşınalıq baş alıb gedir. Liseyə nə girən bəllidir, nə də çıxan. Dərslərə davamiyyət yox dərəcəsindədir. Xüsusilə də yuxarı sinif şagirdləri dərsə qarşı laqeyd münasibət sərgiləyirlər. Əksəriyyəti repetitor yanına getdiyindən dərslərdə iştirak etmirlər. Bizə verilən məlumata görə, 10-11-ci sinif şagirdləri liseyin direktoru ilə razılığa gələrək dərslərdə iştirak etmirlər. Məlumatada göstərilir ki, əvvəlki direktorun dövründə olan problemlər hələ də həllini tapmayıb. Hazırda liseyə lazım olan texniki avadanlıqlar istifadəyə yararsızdır. Yeni direktorun idarəçiliyi dövründə də şagirdlər sıradan çıxmış texniki avadanlıqların ümidinə qalıblar. Şagirdlər əvvəlki direktora bu barədə şikayətlərini bildirsələr də, sabiq direktor müxtəlif maliyyə bəhanələriylə şagirdləri yola verirdi. Hazırda Səidə Zeynalova da əvvəlki direktorun yoluyla gedir.
Hətta əldə etdiyimiz məlumata görə, sözügedən təhsil ocağına plandan artıq şagird qəbul olunur. Bu da qanuna zidd hərəkət hesab olunur. Nəyinsə müqabilində əlavə şagird qəbul etməklə qazanc əldə etməyə çalışırlar. Lakin sinifdə artıq uşaq olanda dərslərin keyfiyyətinə də birbaşa təsirsiz ötüşmür.
Bundan başqa bizə verilən məlumatlarda qeyd olunur ki, bəzi müəllimlərin dərs saatlarının olmasına və əməkhaqqı almalarına baxmayaraq dərslərə gəlmirlər.
Bundan başqa adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Elə şagird də var ki, adı jurnalda yoxdur. Amma dərslərdə iştirak edir.
Məktubda qeyd olunur ki, tədrisin səviyyəsi də çox aşağıdır.
Bir sözlə, bütün bunları təhsil naziri də nəzərə alsa, yaxşı olar. Çünki bu gün Texniki Humanitar Liseyində baş verənlər digər peşə məktəblərində müşahidə edilir. Ona görə də təhsil naziri bütün peşə məktəblərində baş verən neqativ halları araşdırmalı və bununla bağlı ölçü götürməlidir. Əks halda təhsil sistemi daha da ağır duruma düşəcək.
Qeyd edək ki, liseyin binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərir. Liseydə təhsil V-XI siniflər arasındadır. Burada 1077 şagirdin təhsili ilə 91 müəllim məşğul olur.
Vertikal.az


