Lənkəran səhiyyəsində biabırçı vəziyyət
Tarix: 30-09-2015, 15:31 | Çap et
Lənkəran səhiyyəsində biabırçı vəziyyət
Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Dəfələrlə qeyd olunduğu kimi dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də bu zaman həkimlər tərəfindən irəli sürülən pul tələbləri ilə bağlı mövzular hər zaman istər media, istərsə də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Buna səbəb isə dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların mövcudluğuna rəğmən, ayrılıqda götürülmüş hər bir poliklinika və ya xəstəxananın da özünün yazılmamış qanunlarının olmasıdır. Həm də əksər hallarda bu qanunlara daha böyük dəqiqliklə əməl olunur. Qəzetimizin ötən saylarından birində bu mövzuda dərc olunmuş növbəti material isə, Lənkəran sakinlərinin də diqqətini bəzi məqamlarla cəlb etmişdir. Bu xüsusda aldığımız məlumatda Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin və xüsusilə də bu tibb müəssisəsinin baş həkimi Malik Məmmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Aldığımız məlumatlardan birində deyilir: “Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə girərkən xəstələrin diqqətini ilk cəlb edən divarlara vurulmus elanlar olur. Bu elanlarda açıq-aydın yazılıb ki, burada xəstələrə pulsuz xidmət göstərilir. Lakin az sonra məlum olur ki, elanlarda yazılan “şüar” sadəcə formal xarakter daşıyır. Belə ki, istənilən həkimin qəbuluna girdikdə xəstədən mütləq pul tələb olunur. Xəstə elanda yazılanları xatırlatmaq istəyəndə isə, həkimlər çox nəzakətlə cavab verirlər ki, məndən inciməyin, çünki mən baş həkimə həftəlik haqq verirəm...” Maraqlıdır ki, müəssisənin baş həkimi Malik Məmmədov hələ bir müddət əvvəl, Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işlədiyi vaxtlarda özünün yol verdiyi müxtəlif korrupsiya əməlləri ilə kifayət qədər “şöhrət” qazanmışdı. Bu barədə əldə etdiyimiz məlumatlara görə həmin dövrlərdə Astara rayonunda baş vermiş müəmmalı ölüm halları, eləcə də xəstəxananın təmiri adı ilə milyonlarla manat vəsaitin mənimsənilməsinə dair söz-söhbətlər dolaşırdı. Lakin sonradan Malik həkimin Səhiyyə Nazirliyində olan havadarlarının himayəsi sayəsində məsuliyyətdən yaxa qurtarması mümkün olmuşdu. İddialara görə, məhz yeyinti barədə xəbərlərin rayon hüdudlarını aşaraq artıq ölkə paytaxta çata biləcəyi qorxusu qarşısında Malik Məmmədov iş yerini dəyişmək məcburiyyətində qalmışdı. Digər tərəfdən də, ölkə mətbuatında yayılan məlumatlarda Malik Məmmədovun digər məziyyətləri barədə də maraqlı açıqlamalar təqdim olunmaqdadır. Məsələn, belə məlumatlardan birində oxuyuruq: “Malik Məmmədov o vaxtlar da Astara mərkəzi xəstəxanasında formal çalışırdı. Sanki xalqın çörək dalınca şimala üz tutduğunu görüb o da həvəsə gəlmiş, Rusiyanı şəhərbəşəhər gəzib dolaşdıqdan sonra, Krasnoyarsk bazarında qərar tutmuşdu. Bir müddət sonra isə, işləri yoluna qoyub, Astaraya qayıdaraq həkimliyini davam etdirmişdi. Bu biznes lap bu yaxınlara kimi baş həkim üçün pis gəlir gətirmirdi. Hətta baş həkimin Lənkərandakı Regional Mialicə-Diaqnostika Mərkəzinə transferində az-çox rol oynadı. Elə ki, rubl qiymətdən düşdü, deyilənə görə Malik həkim də qərara gəldi ki, biznesini Azərbaycana köçürsün. İndi Malik həkimin Astara və Lənkəran şəhərlərində gəlirli kommersiya obyektləri az deyil. Obyektlərindəki dövriyyə kapitalının hesabını sormaq üçün isə, baş həkimin iş otağında tez-tez “konsiliumlar” keçirilir...”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net