“Prezidentin atdığı addımın nə dərəcədə doğru olub-olmamasını həmin icra başçılarının bundan sonrakı fəaliyyəti göstərəcək. Qadınların yüksək vəzifəyə təyin edilməsi isə, təbii ki, müsbət hadisədir”.
Bunu Hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin bəzi icra başçılarını dəyişdirməsinə münasibət bildirərkən deyib. Q.Hüseynli bildirib ki, ölkə başçısının icra başçıları arasında kadr islahatlarına başlaması müsbət hadisədir. Onun sözlərinə görə, bütün bunlar idarə etmənin tempini artıra bilər.
Politoloq hesab edir ki, icra başçılarının dəyişdirilməsi prezidentin iradəsidir. Buna görə də, bu iradəyə hörmətsizlik göstərmək olmaz: “Komandanı prezident formalaşdırır. Bu, prezidentin şəxsi iradəsidir. Buna görə də, ölkə başçısının iradəsinə hörmət göstərilməlidir. Prezident hansısa cəhətlərə görə, bir başçını digər bir şəhərin başçısı ilə dəyişdirir. Yəqin ki, ölkə başçısı həmin icra başçılarının iş qabiliyyətini və komandadakı əhəmiyyətlərini nəzərə alaraq belə bir addım atıb”.
Q.Hüseynli Sumqayıtın sabiq icra başçısı Eldar Əzizovun işdən çıxarılaraq Səbail rayon icra başçısı vəzifəsinə təyin olunmasına da münasibət bildirib. Politoloq E.Əzizovun vəzifədə qalması komandada qalması deməkdir: “Sumqayıt böyük bir şəhərdir. Azərbaycanın ikinci ən böyük şəhəridir. Amma mənim fikrimcə, icra başçısı vəzifəsinin böyüklüyü, ya kiçikliyi olmur. İcra başçısı elə icra başçısıdır. Eldar Əzizov tamamilə işdən kənarlaşdırılsaydı, o zaman, onun “vurulduğunu” düşünə bilərdik. Məsələ orasındadır ki, E.Əzizov bir şəhərdən başqa bir rayona icra başçısı təyin edilib. Bu, onu göstərir ki, ölkə başçısının E.Əzizova olan etimadı dəyişməyibdir. Bunu başqa mənalara yozmağın əhəmiyyəti yoxdur. E.Əzizov ömürlük Sumqayıtın icra başçısı olmayacaqdı ki. Onun başqa yerə eyni vəzifəyə təyin edilməsi komandada qalması deməkdir. Komanda da qalmaq isə prezidentlə birgə fəaliyyət göstərmək deməkdir”.
Politoloq Q.Hüseynli Azərbaycanda eyni gündə iki qadının vəzifəyə gətirilməsinə də münasibət bildirib. Q.Hüseynlinin fikrincə, qadınların vəzifəyə təyin olunması keçmiş ənənənin yenidən qaytarılması deməkdir. Onun sözlərinə görə, bu da, ölkəmizdə müsbət qarşılanacaq bir addımdır. Çünki bir qadının yüksək vəzifəyə təyinat alması Azərbaycan qadınına verilən dəyərin göstəricisidir: “Sovet dövründə Raykomun birinci katibi vəzifəsində çalışanlar arasında qadınlar az olmayıb. Elə Abşeron rayonunda çox vaxt rayon komitəsinin birinci katibləri qadın olubdur. Misal üçün, Tamara Hümbətova adlı bir qadın uzunmüddət Abşeron Rayon Komitəsinin birinci katibi olub. Ona görə də, qadınlara məsul vəzifələrin tapşırılmasını mən müsbət hadisə hesab edirəm. Zənnimcə, məsul vəzifələrdə qadınlar kişilərlə müqayisədə daha müsbət keyfiyyətlə fərqlənə bilərlər. Qadınlar təhsildə çalışanların, demək olar ki, 80 %-ni təşkil edirlər. Qadınların daha yüksək vəzifələrə gətirilməsi gender bərabərliyinə hörmət edilməsinin bir nümunəsidir. Fikrimcə, bu addım ölkədə qadınları elmə, təhsilə, zəhmətkeş olmağa, çalışmağa, işləməyə sövq edən bir addımdır. Bu proses gələcəkdə də davam etdirilsə, daha müsbət nəticələr verəcək”.


