Şəki Telekommunikasiya Qovşağından “105 metr”lik maxinasiya
Tarix: 1-09-2015, 12:43 | Çap et
Şəki Telekommunikasiya Qovşağından “105 metr”lik maxinasiya
Redaksiyamıza yeni daxil olan məlumatlarda Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədovun qeyri-qənaətbəxş fəaliyyətinə dair şikayətlər öz əksini tapmaqdadır. Yerli mənbələrin təqdim etdikləri açıqlamalarda telekommunikasiya qovşağının fəaliyyətində müşahidə olunan müəyyən nöqsanlardan, eləcə də Məhəmməd Əhmədovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs edilir. Həm də maraqlıdır ki, bu mövzu hazırda ölkə mətbuatının da diqqətini cəlb etməkdədir. Rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsi mövcud problemlərin bir hissəsidir. Bununla belə redaksiyamıza daxil olan məlumatlarda da bilidirildiyi kimi M.Əhmədov bu vəziyyətə görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil. Halbuki, qurumun fəaliyyətində müşahidə olunan bütün nöqsanlar ilk növbədə məhz Məhəmməd Əhmədovun yol verdiyi korrupsiya hallarının nəticəsi kimi təzahür etməkdədir. Bu xüsusda əldə etdiyimiz məlumatlarda Şəki TKQ-nın rəhbərliyinə qarşı bir çox ittihamlar irəli sürülür. İlk növbədə bildirilir ki, Məhəmməd Əhmədov vətəndaşların evlərinə telefon xətti çəkilişi zamanı bir çox maxinasiyalara yol verir. Məlum olduğu kimi, xəttin çəkilişi zamanı istifadə olunan telefon kabelinin ilk 105 metri dövlət tərəfindən təqdim olunur. Yalnız bundan artıq kabel tələb olunduqda, abonent qalan hissənin dəyərini ödəməlidir. Lakin, məlumatlara görə Məhəmməd Əhmədov bu qaydaya heç bir halda əməl etmir. Hər dəfə vətəndaşlara kabelin olmadığını deyən qovşağ rəisi, abonentləri həmin kabeli almağa məcbur edir. Bu yolla “qənaət” olunan kabel isə, Şəkinin dükanlarında satışa çıxarılır. Həmçinin məlumatlarda bildirilir ki, vətəndaşlar öz evlərinə telefon xətti çəkdirmək istəyən zaman Məhəmməd Əhmədovun başqa rüşvət tələblərilə də rastlaşırlar. Belə ki, bu məqsədlə vətəndaşların ödəməli olduqları dövlət rüsumu 40 manat olduğu halda, Şəki TKQ-nın rəhbərliyi mərkəzdən bir qədər uzaq olan ərazilərə telefon xəttinin çəkilişi üçün 200-300 manat pul tələb edir. Təbii ki, bütün bu maxinasiyalar Məhəmməd Əhmədovun Şəki TKQ-na rəhbərlik etdiyi illər ərzində rayonun ən zəngin məmurlarından birinə çevrilməsinə səbəb olmuşdur. Bu xüsusda mənbələr iddia edirlər ki, Şəki TQK-nın rəhbərinin elə işlədiyi binanın qarşısındakı binada hər biri 3 otaqlı olmaqla 2 mənzili və böyük bir kişi geyimləri dükanı, Soyuqbulaq deyilən ərazidə villası, Şəki bazarında qızıl mağazası var. Bundan başqa isə, onun “Gülab evi” istiqamətində gedən yolun üstündə də icarəyə verdiyi daha 2 mağasasının olduğu və Şəki şəhəri, Mümtaz küçəsində də daha bir dükanının olduğu bildirilir. Ümumiyyətlə rabitə və telekommunikasiya sahəsinin fəaliyyətini müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, bu sahədə çalışan kadrların da yüksək ixtisas hazırlığı mühüm şərtlərdən biridir. Təqdim olunan məlumatlarda isə Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədovun ümumiyyətlə vəzifə borclarının öhdəsindən gələ bilmədiyi, daha dəqiq desək bu vəzifə borclarının nədən ibarət olduğunu belə bilməməsi haqda faktlar öz əksini tapmaqdadır. Mənbələr iddia edir ki, qovşağ rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz olaraq qalır. Rayondakı mənbələr iddia edirlər ki, bu gün Şəki TKQ tərəfindən əhaliyə təklif olunan xidmətlər, xüsusilə də internet xidmətləri isə çox aşağı keyfiyyətdədir. Digər tərəfdən isə az-çox görülən işlər barədə ümumi təsəvvürü belə M.Əhmədov sırf tabeliyində olan əməkdaşların hesabatlarından alır. Bütün bu deyilənləri nəzərə alaraq, ümid etmək olar ki, Şəki Telekommunikasiya qovşağının rəisi Məhəmməd Əhmədovun yol verdiyi ciddi qanun pozuntuları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcədə “Aztelekom” İB-nin rəhbərliyinin gərəkli araşdırmalarından sonra dəqiq və layiqli qiymətini alacaqdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net