
Sumqayıtda yerləşən "Real" Tibb Mərkəzinin lisenziyasının ləğv edilməsi haqda xəbər vermişdik. Qeyd edək ki, iyun ayının 1-dən mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub. Baş həkim Vidadi Əzimov da xəbəri təsdiqləyib: "Bəli, "Real" Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir". Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirib:
"Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil". Klinika bağlanan kimi ağla gələn ilk isim sözsüz ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov oldu. Belə ki, sözügedən klinika adı daim biznes fəaliyyətində hallandırılan icra başçısına məxsusdur. İcra hakimi 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Başçı vəzifəsinə təyinat alandan sonra klinikaya nəzarəti yaxın qohumlarından birinə həvalə edib. Məlumatlı mənbələrdən aldığımız informasiyaya görə, Sumqayıtın ən böyük tibb müəssisələrindən biri kimi qəbul edilən "Real"ın fəaliyyətini dayandırması icra başçısının biznesinin çöküşü kimi də başa düşülə bilər: "Heç kimə sirr deyil ki, Xətai rayonunun başçısının Sumqayıtda köklü dayaqları var. Məmurun dayısı Zaman İsgəndərov şəhərin ən tanınmış və varlı biznesmenlərindən biridir. İş adamının şəhərin ərazisində yüzlərlə ticarət obyekti var. İcra hakimi dayısının və digər əlaqələrinin sayəsində sahibi olduğu tibb mərkəzini Sumqayıtın ən öndə gedən səhiyyə ocağına çevirə bilib. Dövlət hesabına maliyyələşən xəstəxanalardakı həkimlərin bir hissəsi eyni zamanda "Real"da işləyir. Həmin həkimlər onların yanına gələn pasiyentləri özəl klinikaya istiqamətləndirərək buranın işinin yaxşılaşmasına, gəlirlərinin artmasına nail olublar. Ötən müddət ərzində klinika ilə bağlı yaranan bütün problemləri icra başçısı özü yoluna qoyub. Məsələn, tibb mərkəzi fəaliyyətə başlayandan indiyə qədər vətəndaşlara ödədikləri pulun qarşılığında qəbz verilməyib. Belə olan halda mərkəzin büdcəsinə yığılan vəsaitin əhəmiyyətli hissəsi vergidən yayındırılıb. Amma Razim Məmmədov vergi sistemindəki mötəbər əlaqələrinin köməkliyi ilə klinikada mövcud olan problemləri həll etməyi bacarıb. İcra başçısının yüksək səviyyədə himayəsinə baxmayaraq, son vaxtlar tibb müəssisəsində işlər elə də yaxşı getmirdi. Doğuş zamanı yaranan problemlər, ana və uşaq ölümlərinin baş verməsi, habelə vətəndaşlara istənilən səviyyədə tibbi xidmətin göstərilməməsi halları şikayətlərin artmasına səbəb olmuşdu. Belə bir ərəfədə Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyanın müddətinin başa çatması lap yerinə düşdü. Çətin ki, bundan sonra problemlər girdabında boğulan "Real" Tibb Mərkəzinin lisenziyasının vaxtı uzadılsın. Cari təmir işlərinin aparılması yalan söhbətdir. Ona görə ki, səhiyyə müəssisəsi bir müddət əvvəl təmirdən çıxıb". Etibarlı mənbənin məlumatına görə, başçı ayda böyük gəlir əldə etdiyi tibb ocağının fəaliyyətinin bərpa edilməsi üçün Səhiyyə Nazirliyinin rəhbər şəxslərinə minnətçi düşüb. Buna baxmayaraq, nazirlikdən məmurun xahişinə müsbət cavab verilmədiyi yayılan məlumatlar arasındadır.
Xatırlatma üçün deyək ki, tibb mərkəzində səhiyyənin səviyyəsinin aşağı olması, ana və uşaq ölümlərinə tez-tez rast gəlinməsi haqda hələ bir neçə il əvvəl xəbər vermişdik. Bildirmişdik ki, doğuş zamanı uşaq dünyasını dəyişib, amma mərkəzin rəhbərliyi səviyyəsində bu ölüm hadisəsi gizlədilib və ictimaiyyət bundan məlumatlı olmayıb. Digər tərəfdən, "Real" Tibb Mərkəzində beynəlxalq standartlara uyğun tibbi xidmət və idarəetmə prinsiplərinin təşkil edilməməsi barədə də dəfələrlə eşitmişik. Bütün bunların fonunda klinikanın fəaliyyətinə qadağa qoyulması müsbət haldır. Bir şərtlə ki, nazirlik rəsmiləri nəyəsə aldanıb mərkəzə yenidən lisenziya verməsinlər.
Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini işıqlandıra bilərik.


