Razim Məmmədov nədən binaların təhlükəli materiallarla üzlənməsinə göz yumub?
Tarix: 27-05-2015, 15:27 | Çap et
Razim Məmmədov nədən binaların təhlükəli materiallarla üzlənməsinə göz yumub?
Bir neçə gün öncə Binəqədi rayonunda baş verən yanğın hadisəsi binalara vurulan poliuretan üzlüklərin nə qədər təhlükəli olduğunu və hər an ciddi insan tələfatı ilə nəticələnə biləcəyini bir daha sübuta yetirdi. Halbuki bu hadisədən öncə əksər mətbuat orqanları sözügedən məsələyə toxunmuş və bu cür üzlüklərin acı nəticə verə biləcəyini bəyan etmişdi. Lakin nədənsə o zaman aidiyyəti qurumlar, əsasən də rayon icra başçıları deyilənlərə əhəmiyyət vermədilər. Halbuki, vaxtında müvafiq tədbir görülsəydi, o zaman bu olay baş verməyəcəkdi.

Xatırlayırsınızsa, təxminən ay yarım öncə Xətai rayonu, Zığ şossesində 9 mərtəbəli yaşayış binasında məhz poliuretan üzlüklərin alışması nəticəsində yanğın baş vermişdi. Belə ki, ev sahiblərinin gözü qarşısında mənzilləri yanıb kül oldu, binanın poliuretan materialla üzlənməsi səbəbindən alovu tez bir zamanda söndürmək mümkün olmadı. Biz elə o zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova rayon ərazisindəki binaların oda həssas üzlüklərdən təmizlənməsini tövsiyə etmişdik. Lakin nədənsə qarşı tərəf heç nə olmamış kimi öz işinə davam etdi. Beləliklə də Razim Məmmədov rayon sakinlərinin taleyinə biganə qaldığını sərgiləmiş oldu. Bundan sonra mövzu ilə bağlı ciddi araşdırma apardıq və məlum oldu ki, rayon ərazisindəki binaların bir qismi keyfiyyətsiz materiallarla üzlənib. Yəni binaların əksəriyyətinin üzlükləri polimerlər əsasında hazırlanıb. Bu üzlük binaya xüsusi gözəllik versə də yanmağa meyllidir. Ancaq buna əhəmiyyət verən olmadı…

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində o da bəlli oldu ki, rayon ərazisindəki binaların üzlükləri ətraf mühitə qarşı dözümlü olmamaqla yanaşı, tibbi və ekoloji baxımdan tələblərə də cavab vermir. Qeyd edək ki, hazırda Xətai rayonunda 14 belə bina var. Dünənə qədər hələ də adıçəkilən rayondakı binalara üzlük vurulurdu. Lakin artıq təmir işləri dayandırılaraq üzlüklər sökülməyə başlanılıb. Odur ki, hazırda sözügedən binaların hamısında qızğın işlər gedir. Söküntü işləri Mühafizə Polisinin nəzarəti altında icra hakimiyyəti nümayəndələri və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə aparılır. Bu, bir daha onu təsdiqləyir ki, Razim Məmmədov rəhbərlik etdiyi rayonun ərazisindəki binaların insan həyatı üçün təhlükəli olan materiallarla üzlənməsinə göz yumub. Görəsən niyə?..

Bu arada, nəzərinizə çatdıraq ki, bu günlərdə Xətai rayonunda Zığ şossesində 9 mərtəbəli binada baş vermiş yanğınla əlaqədar 3 nəfər saxlanılıb. Onlar arasında sözügedən binanın poliuretanla üzlənməsini həyata keçirmiş "THN" şirkətinin faktiki rəhbəri Fərid Sadıqov, firmanın direktoru Zaur Əşrəfov və onun inşaat işləri üzrə müavini Nüsrət Muxtarov var. Onlar Cinayət Məcəlləsinin 225.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Maraqlı məqam ondadır ki, Xətai rayonu ərazisində baş vermiş yanğından sonra istintaq Fövqəladə Hallar Nazirliyində aparılırdı, amma indiyədək heç kim məsuliyyətə cəlb edilməmişdi. Həbslər hər iki yanğın üzrə istintaqın Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bir icraatda birləşdirildikdən sonra baş verib. Deyilənlərə görə, həbslər Xətai Rayon İcra Hakimiyyətindəki səlahiyyət sahiblərinə qədər gedib çıxacaq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net