
Binəqədi rayonunda kütləvi etiraz aksiyası gözlənilir.
Etibarlı mənbədən TİA.AZ-a verilən məlumatda bildirilir ki, rayon icra başçısı Xaləddin İsgəndərovun yaratdığı problemlərə Binəqədi kəndində etiraz olunacaq. Bununla belə mənbə qeyd edir ki, 15 insanın tələfatına səbəb olan yanğına görə RİH-də “üzlük komandası” fəaliyyətdə olub. Qaynağımız redaksiyamızın elektron poçtuna onların adlarını açıqlayıb. Məlum olub ki, təkcə hazırda həbs edilən RİH-nin şöbə müdiri Ədalət Rəcəbov bu cinayətdə günahkar deyil. İddia olunur ki, 15 insanın ölümünə gətirib çıxaran dəhşətli yanğın X.İsgəndərovun “üzlük qruplaşması” tərəfindən məsuliyyətsizlik nəticəsində baş verib. Belə ki, Ə.Rəcəbovdan əlavə, başçının müavini İlqar Süleymanov və digər icra nümayəndələri də üzlüklərin vurulmasını təklif edib.
Əvvəlcə X.İsgəndərovu poliretan istehsal edən şirkətlə onun müavinlərindən biri tanış edib. Razılıq əldə olunduqdan sonra həmin müavin təşkilatçılıq, Ə.Rəcəbov isə icraçılıq funksiyasını yerinə yetiriblər. Qaynağımız TİA.AZ-a qeyd edir ki, rayon Gənclər İdman idarəsi rəisi Qüdsi Bayramov, RİH-də şöbə müdiri Ramiz Göyüşov tərəfindən üzlənmə işlərinə hər axşam saatlarında baxış keçirilib. X.İsgəndərovun müavini İ.Süleymanov isə tikinti ilə bağlı gələn pulları yığmaqla məşğul olub. Mənbə iddia edir ki, icra başçısının oğlu Elnur İsgəndərov, bacısı oğlu və sürücüsü Araz Əliyevə materialların keyfiyyətsiz olduğu barədə xəbərdarlıq olunub.
Xatırladaq ki, mayın 19-da baş verən bu fəlakət ölkədə böyük əks-səda, etirazlar doğurub. Dövlət səviyyəsində zərərçəkənlərə xüsusi diqqət var.


