Xaləddin İsgəndərov həbs edilə bilər
Tarix: 21-05-2015, 15:41 | Çap et
Xaləddin İsgəndərov həbs edilə bilər
Avropa tarixinin ən böyük yanğını, Böyük Roma Yanğın eramızın 64-cü ilində, iyulun 18-dən 19-a keçən gecə baş verib. Tarixi mənbələrə görə yanğın Böyük Sirk binasının cənub-şərqində yerləşən piştaxtalardan başlayıb. Səhərə yaxın alov şəhərin əksər hissələrini bürüyüb. Buradakı məbədlər, saraylar və ictimai binalar xarabaya çevrilib. Yüzlərlə şəhər sakini həlak olub. Yalnız altı gündən sonra yanğının qarşısını almaq mümkün olub. Qədim Roma tarixçisi Svetoniy iddia edirdi ki, şəhərə imperator Neronun göstərişi ilə od vurulmuşdu. Rəvayətə görə özünü dahi aktyor hesab edən Neron sadəcə şəhərin necə yandığına tamaşa edərək ilhama gəlmək istəyib...

Bəs görəsən bizim oliqarx məmurlar hansı tələblərini təmin etmək üçün günahsız insanları sözün əsil mənasında oda atırlar? Axı bir müddət bundan əvvəl Zığ şosesindəki 9 mərtəbəli yaşayış binası məşəl kimi yanıb sakinlərini evsiz-eşiksiz qoyanda mütəxəssislər bunun səbəbini açıq söylədilər: binanın fasad örtüyündə istifadə edilməli olan poliuretan alova davamlı maddədir, deməli, yanğın törədə bilməz, odur ki, yeganə rasional izahı onun alovahəssas birləşmə ilə əvəzlənməsində axtarmaq lazımdır. İfrat gəlir ardınca qaçan podratçı üzləmə işlərində Çin mənşəli penoplastdan istifadə edir və artıq paytaxtın bir çox istər yaşayış, istər inzibati binasında istənilən an Zığ şosesindəki faciə təkrarlana bilər. Bir ay keçmədi və təkrarlandı - Azadlıq prospektindəki 16 mərtəbəli, çoxbloklu binanın sakinlərinin faciəsini hamı izlədi. İndi isə Binəqədinin “neron”ları cəzadan yaxa qurtarmaq üçün qurbanlar axtarırlar. Artıq xəbər verildiyi kimi Bakıda bəzi məlumatlara görə, 500-ə yaxın binanın fasadını üzləmiş “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov adlı şəxs şübhəli şəxs qismində saxlanılıb. Lakin yayımlanan digər bir məlumatda da həmin şirkətə Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovun şərik olduğu bildirilmişdi. Hərçənd bu açıqlamanı yayan portal dərhal da məlumatın təsdiqlənmədiyini qeyd etmişdi. Amma başçının rəhbərlik etdiyi rayon ərazisində yerləşən binaları ucdan tutma məhz “Global Construction”-un istehsal etdiyi materiallarla üzləməsi də əbəs deyil axı! Binəqədi Rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov mətbuata verdiyi açıqlamasında bildirib ki, yanğına görə bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür. “Təmir işlərini “Global Construction” şirkəti aparıb. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür” - deyə o, bildirib. Əcəbdir, düşünmək olar ki, bu şirkət obyektiv keçirilmiş hansısa tenderdə qalib olaraq bu binanın üzlənməsinə dair sifarişi əldə edib və bu “nailiyyət”də Binəqədi RİH rəhbərliyinin heç bir xidməti olmayıb. Özü də harda, Binəqədidə! Amma böyük ehtimalla bu dəfə məmur “sürüşkənliyi” vəziyyətdən çıxmaq üçün kifayət qədər effektli olmayacaq.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: “Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”. Həmçinin dövlət başçısı ona müxtəlif məlumatlar gəldiyini və bəzi hallarda bu məlumatların ziddiyyət təşkil etdiyini də vurğulayıb: “Bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar, ya da günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq”.Eyni zamanda baş verən hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin bölmələrinin də kivayət qədər effektiv fəaliyyət göstərmələri qeyd oluna bilər. Belə ki, yanğının söndürülməsinə FHN-nin 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub. Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında deyib. Nazir bildirib ki, yanğın barədə nazirliyə saat 10:50-də məlumat daxil olub, əməliyyat saat 16:27-də başa çatıb: “Əməliyyat zamanı 27 nəfər təxliyə olunub, 37 nəfər xilas edilib, 14 cəsəd çıxarılıb. Təəssüf ki, xəsarət alanlardan biri də gecə xəstəxanada dünyasını dəyişib”. Həmçinin Kəmaləddin Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.FHN, DİN və Baş Prokurorluğun yaydığı birgə bəyanatından isə məlum olub ki, yanğın faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Göründüyü kimi cinayət işində “vəzifə səlahiyyətlərini aşma” maddəsidə var. Bu xüsusda mətbuata açıqlama verən hüquqşunüasların dediyinə görə, məlum hadisəyə görə bu maddə ilə cinayət işi açılırsa, bura binanın fəsadını dəyişən şirkətlə yanaşı, bu sifarişi verən və onun icrasına nəzarətetməli olan Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və şəxsən icra başçısı Xaləddin İsgəndərov məsuliyyət daşıyacaq. Buna görə hesab edilir ki, ilk məsuliyyət daşıyan şəxs də məhz elə Xaləddin İsgəndərovdur. Digər tərəfdən də yayımlanan başqa bir məlumatda Xaləddin İsgəndərovun Prezident Administrasiyasına (PA) çağırıldığı bildirilib. Mənbə deyib ki, icra başçısı məhz yanğın hadisəsinə görə PA-ya çağırılıb. Onunla bağlı hər hansı qərarın verilib-verilmədiyi barədə isə hələlik dəqiq bilgi yoxdur. İcra başçısının müavini İlqar Süleymanov, şöbə müdiri Ədalət Rəcəbov və memar Şahin Musayev isə Baş Prokurorluğa dəvət olunub. Məlumatda görə, Binəqədi RİH-nin iş otaqlarında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Diqqəti cəlb edən daha bir məqam da budur ki, prezident İlham Əliyev hadisənin araşdırılması ilə bağlı yaratdığı komissiyaya Xaləddin İsgəndərovun adını daxil etməyib. Həmçinin dövlət başçısı tərəfindən yanğın nəticəsində həlak olanların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsinin Binəqədi rayon İcra Hakimiyyətinə deyil, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılması da Xaləddin İsgəndərovun xeyrinə işləyən amil deyil. Buna görə də ehtimal olunur ki, icra başçısının “qələmi” qırıla bilər.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net