Quba sakini torpağının əlindən aldığını iddia edir.
Vertikal.az bildirir ki, Quba şəhər sakini Gülyaz Məmmədova Belediyye.net-ə müracət edərək torpaq sahəsinin əlindən alındığını, probleminin işıqlandırılmasını xahiş edir.
Şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş deyir ki, 1994-cü ildə o zaman mövcud olan Xalq Deputatlar Sovetinin qərarı ilə 100 kv-metr ərazi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ailəyə verilib.
Sözügedən torpaq sahəsi uzun illər onların istifadəsində olub. Şikayətçi burada mövcud olan yaşıllığı da özü saldığını, bir müddət öncə sözügedən ərazidə başqa bir vətəndaş tərəfindən tikinti işlərinə başlanıldığını deyir. Sakin iddia edir ki, torpaq sahəsi onun xəbəri olmadan bələdiyyə tərəfindən başqa vətəndaşa satılıb.
Gülyaz Məmmədova topağın həmin şəxsdən alınaraq yenidən onun ixtiyarına verilməsini istəyir.
Quba şəhər bələdiyyəsinə üz tutduq. Qurumdan bildirildi ki, torpaq sahəsi bu yaxınlarda deyil, düz 17 il öncə başqa bir vətəndaşın mülkiyyətinə verilib. Həmin vətəndaşın isə indi ərazisində tikinti işlərinə başlaması mübahisəyə səbəb olub.