Səhiyyə naziri üçün VACİB SUAL...
Tarix: 8-08-2022, 13:52 | Çap et


Korrupsiya bataqlığından xilas ola bilməyən Azərbaycan səhiyyəsini bu bəladan xilas etmək üçün nə qədər tədbirlər görülsə də heç bir nəticə əldə olunmur. İcbari tibbi sığortanın tətbiq olunması, həkimlərin əmək haqlarının yüksək dərəcədə artırılması belə səhiyyə sistemində metastaz halını almış korrupsiyanı “müalicə” edə bilmir. Adi bir fakta gözucu nəzər salsaq paytaxtın xəstəxanalarında “65 yaş +” korrupsiya piramidasının hansı dərəcədə yayıldığının şahidi olarıq. Belə ki, işləmənin son həddinə, yəni 65 yaşa çatmış həkimlərin əmək müqaviləsinin yenidən hər il 80 yaşa qədər uzadılması səhiyyə sistemində əməlli-başlı gəlir mənbəyinə çevrilib (yazdıqlarım institutda fəaliyyət göstərən həkimlərə şamil edilmir). Hamıya məlumdur ki, əmək müqaviləsini heç kimin ağ saçlarına, ağ birçəyinə görə uzatmırlar. Burada maraqlar böyükdür və araşdırma aparılarsa, 10 ildən çox ard-arda əmək müqaviləsi uzadılan ağ xalatlıların, daha doğrusu ağ saçlıların sayı dodaq uçurdar (xatırladım ki, bu barədə redaksiyamızın əməkdaşları paytaxt xəstəxanalarında jurnalist araşdırması aparmış, yüzlərlə belə faktın olmasını müşahidə etmişdir).
Maraqlıdır ki, öz peşəsində çalışmaq istəyən bir xeyli gənc kadr vakant yer tapıb fəaliyyət göstərə bilmir. Amma, təqaüd yaşını çoxdan keçənlər hər il müqaviləsi uzadılmaqla yenidən işdə saxlanılır.
Səhiyyə naziri Teymur Musayevdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdən, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovdan soruşmaq istərdik ki, əcaba bu lütfkarlığın səbəbi nədir ? “Yol böyüyündür” deyən dədələrimizin ruhuna ehtiram, yoxsa tamam başqa bir səbəb? Sadəcə paytaxtın xəstəxanalarında yüngülvari bir araşdırma aparın, görün nə qədər belə faktlarla rastlaşacaqsınız. Bütün bunlar sırf korrupsiya halları deyilmi, belə uzatmaların hansı maraqlar hesabına baş tutduğunu bilmirsinizmi?
Bu barədə yuxarıda qeyd etdiyim aidiyyatı rəhbərliklərin də mövqeyi maraqlı olardı. Nə vaxta qədər döyüşə, pardon əməliyyata qocalar gedəcək? Prezidentin gənclər siyasətinə Azərbaycan səhiyyəsinin verdiyi töhfə budurmu ?
İnanırıq ki, xəstəxanalarda illərdir davam edən bu korrupsiya mexanizmi tezliklə dağıdılacaq, nəhayət ki, gənclərə də yol açılacaq !

Nicat Mahmudov
Rubrika.Az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net