Paşinyan və Araik “dəmir yumruq” zərbəsi aldı: Rusiya erməni terrorizmini daha müdafiə edə bilmir
Tarix: 4-08-2022, 14:50 | Çap et


Həm Kreml, həm də rəsmi İrəvan Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasının qaçılmazlığı ilə barışmaq məcburiyyətindədir... Üstəlik, bu məsələdə Rusiya və Ermənistan rəsmi Bakının müəyyən etdiyi zaman limiti ilə hərəkət etməli olacaq...
Cənubi Qafqazda gərginlik son həddə çatıb. Ermənistanın təxribatları artıq “qırmızı cizgiləri” keçməyə başlayıb. Rəsmi İrəvan Ermənistanın biabırçı məğlubiyyətə uğrayıb, kapitulyasiya aktına imza atmaq məcbiriyyətində qaldığı 44 günlük II Qarabağ savaşının yekun nəticələrini unutmuş kimi görünür. Və ona görə də tədricən 10 noyabr üçtərəfli anlaşmasının icrasından uzaqlaşmağa yönəlik addımlar atmağa çalışırdi.

Ancaq rəsmi Bakı Ermənistanın “kaprizlər”inə daha uzun müddət səbir göstərməyəcəyini qətiyyən gizlətmirdi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana açıq və sərt xəbərdarlıq mesajları ünvanlamışdı. Prezident İlham Əliyev Paşinyan hakimiyyətindən darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarını dərhal Azərbaycan ərazilərindən çıxartmağı tələb etmişdi. Əks halda, Azərbaycan ordusunun bu problemi həll etmək üçün təxirəsalınmaz addımlar ata biləcəyini xatırlatmışdı.

Müdafiə naziri Zakir Həsənovun Azərbaycanın ordusuna erməni silahlı dəstələrinin təxribatlarına dərhal adekvat reaksiya verilməsini əmr etməsi isə rəsmi Bakının hər an qətiyyətli addımlar atmağa hazır olduğunu göstərirdi. Belə ki, rəsmi Bakı 10 noyabr üçtərəfli anlaşmasının tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Azərbaycan ordusunun antiterror əməliyyatlarına başlayacağı artıq şübhə doğurmurdu. Və təbii ki, Ermənistanı himayə edən bəzi dövlətlər regionda baş verənlərdən narahat olmağa başlayıblar.



Xüsusilə də, Rusiya siyasi dairələrinin ciddi şəkildə əl-ayağa düşdükləri müşahidə olunur. Əvvəlcə Rusiyanın prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana zəng edib. Telefon danışığında 10 noyabr üçtərəfli anlaşmasının icra olunmasının müzakirə edildiyi bildirilir. Və böyük ehtimalla Kremldə rəsmi Bakının qətiyyətli mövqeyini bildiklərindən Azərbaycan Prezidenti ilə analoji telefon danışığına ehtiyac görülməyib.

Məsələ ondadır ki, rəsmi Bakı israrla Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Bu məsələdə rəsmi Bakının Ermənistana əlavə vaxt vermək niyyətinin olmadığını indi Rusiya rəhbərliyində də bilirlər. Və bu baxımdan, prezident V.Putinin baş nazir N.Paşinyana rəsmi Bakının tələbini yerinə yetirmək məcburiyyətini izah etmiş ola biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının yalnız Ermənistana deyil, Rusiyaya qarşı da ciddi iradları var. Çünki Prezident İlham Əliyev Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların 10 noyabr üçtərəfli anlaşmasının icrasına nail ola bilmədiklərini vurğulamışdı. Və Rusiya sülhməramlılarına yönəlik bu irad rəsmi Bakının antiterror əməliyyatına başlayarkən, Rusiyanın buna etiraz etmək haqqının olmadığına yönəlik qənaətindən xəbər verirdi.



Belə anlaşılır ki, Kremldə Azərbaycanın antiterror əməliyyatlarının Rusiyanın regiondakı mövqelərini ciddi şəkildə sarsıdacağını başa düşürlər. Çünki rus sülhməramlılar Azərbaycan ordusunun atdığı addımlara müdaxilə imkanlarını artıq itirmək üzrədirlər. Bu, bir tərəfdən Azərbaycan və Rusiya arasında münasibətlərin korlanmasına səbəb ola bilər. Digər tərəfdənsə, Kremli NATO dövləti olan və “Azərbaycan qırmızı cizgimizdir” deyən Türkiyə ilə qarşı-qarşıya gətirər. Və hazırda Ukrayna savaşında çətin vəziyyətə düşmüş Rusiyaya proseslərin belə inkişafı qətiyyən sərfəli deyil.

Bütün bunları nəzərə aldıqda, həm Kremlin, həm də rəsmi İrəvanın Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasının qaçılmazlığı ilə barışmaq məcburiyyətində qalacağı qətiyyən şübhə yoxdur. Üstəlik, Rusiya və Ermənistan bu məsələdə birmənalı şəkildə rəsmi Bakının müəyyən etdiyi zaman limiti ilə hesablaşmaq məcburiyyətindədir. Və son baş verən hadisələrdən sonra ehtimal etmək olar ki, Paşinyan hakimiyyəti erməni silahlı dəstələrinin Ermənistana daşınması prosesinə başlamalı olacaq.

Ancaq burada bir önəmli məqam da mövcuddur. Belə ki, Azərbaycan tərəfi Xankəndi və ətraf bölgədə əlində silah olan hətta bir erməniyə belə, səbr göstərmək niyyətində deyil. Yəni, rəsmi Bakı üçün “artsax”ın müdafiə ordusu” ilə bağlı uydurma miflər keçərli deyil. Hər halda, Ermənistandan göndərilən maliyyə vəsaitlərindən qidalanan, heç bir iqtisadi resursları olmayan qondarma “artsax” “müdafiə ordusu”na malik ola bilməz. Və rəsmi Bakı Ermənistan silahlı birləşmələrinin bir hissəsinin “artsax”ın müdafiə ordusu” adı altında bölgədə gizlədilməsinə imkan verməz.



Digər tərəfdən, Azərbaycan ərazisində “artsax”ın müdafiə ordusu” və ya hər hansı ad altında silahlı erməni də qala bilməz. Çünki, bizim dövlətimizin ərazisində yalnız Azərbaycan ordusu mövcud ola bilər. Bundan başqa hər hansı qeyri-qanuni silahlı dəstə məhz terror qruplaşması hesab olunur. Və silahlı erməni terror dəstələrinə qarşı da Azərbaycan ordusunun antiterror əməliyyatları tamamilə legitimdir.

Təbii ki, rəsmi Bakı artıq Xankəndi və ətraf bölgədə ilk antiterror əməliyyatını reallaşıdırıb. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Və bu, o deməkdir ki, həm Ermənistan, həm də erməni separatçıları Azərbaycanın “dəmir yumruğu” ilə növbəti dəfə üzləşməli oldular.

Ancaq Ermənistanın və erməni separatçıların Azərbaycan ordusunun “dəmir yumruğu”na müqavimət imkanları artıq yoxdur. Hətta ermənilərin güvənərək, böyük ümidlər bəslədikləri rus sülhməramlılar da onları daha xilas edə bilmirlər. Bu isə odeməkdir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni terrorizminin artıq sonu yaxınlaşır.

Mənbə: “Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-08-2022 11:30
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net