Ziya Məmmədovun «sağ əli» ilə bağlı İLGİNC İDDİALAR
Tarix: 25-01-2016, 13:11 | Çap et
Ziya Məmmədovun «sağ əli» ilə bağlı İLGİNC İDDİALAR
Ötən günlərdə mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun «sağ əli» kimi tanınan Qulam Ələkbərovla bağlı çeşidli məlumatlar yayılmışdı. Azad.Media saytı bununla bağlı apardığı araşdırmada bir sıra maraqlı məqamlara toxunaraq, onun Ziya Məmmədovun «Hacı Məmmədovu» kimi xarakterizə etdimişdi.

Lakin həmin yazının ardından «Azadlıq» qəzeti Qulam Ələkbərovun Ukrayna vətəndaşı olduğunu üzə çıxarmışdı. Və vurğulamışdı ki, sözügedən şəxs həm də Azərbaycan vətəndaşıdır ki, bu da qanunla qadağan olunmuş haldır. Belə bir adamın Ziya Məmmədovun adından hökmlər verməsi, icra başçısı təyin etməsi isə bir ayrı məsələdir. Ki, bununla bağlı Azad.Media saytı artıq tutarlı araşdırmasını ortaya qoyub.

Bu gün isə sözügedən sayt Ziya Məmmədovun «sağ əli» ilə bağlı daha bir sensasiya doğuracaq məlumatlar ortaya çıxarıb. Sayt yazır ki, Qulam Ələkbərov kriminal aləmlə sıx bağlı olduğundan özü də bir çox zamanlar proseslərə qarışmalı olub. Məsələn, onun qardaşı Misir Ələkbərovun dəfələrlə bir sıra cinayətlərdə adının hallanması bunun əyani sübutlarından hesab olunur.

Azad.Media yazır ki, Qulam Ələkbərovun qardaşı kifayət qədər kriminallaşmış adamdır. Hətta onun bir zamanlar özünə dəstə yaradaraq, Gəncəbasar zonasında varlı adamları təhdid altında saxladığını da iddia edir. «Misir Ələkbərov qardaşı Qulama güvənərək, Gəncəbasar zonasında varlı adamların ya özlərini, ya da uşaqlarını oğurlamaqla pul qazanırdılar. Girov götürülən iş adamlarından biri isə zonada tanınmış şəxslərdən olan «Gəvə Mamed» adlı şəxs olub. Onu girovluqdan 200 min dollara buraxdıqları deyilir».

Sayt bildirir ki, Qulam Ələkbərov da bəzən kriminal işlərə, «razborka»lara qatılıb. Qardaşına görə, gedən mübahisələrdən dolayı bir dəfə ciddi xəsarət də alıb. Azad.Media-nın iddiasına görə, Ələkbərov qardaşına görə «razborka»ya gedib və orada qarşı tərəfin tapançadan açdığı atəş nəticəsində qolundan yaralanıb. «Həmin vaxt məsələ ört basdır edilib. Və bu işdə Ziya Məmmədovun da rolunun az olmadığı deyilir. Hər halda nazir şərikini çətin durumda buraxmazdı. Üstəlik, bu qalmaqalın da üzərinin açılmasına imkan verməzdi».

Amma Azad.Media daha ilginc bir detala da aydınlıq gətirib. Bu deta lisə sabiq deputat, hazırda Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyli ilə bağlıdır. Sayta məlumat verən mənbə bildirir ki, Gültəkin Hacıbəylinin deputat seçilməsində Ziya Məmmədovun müstəsna xidmətləri olub. Onun Goranboydan millət vəkili seçdirilməsi də bu dəstəyin təzahürlərindən biriymiş. Deputat olduğu müddətdə özünə market, bir neçə başqa obyektlər açan Gültəkin Hacıbəyli sonradan elə Ziya Məmmədov və «sağ əli» tərəfindən sıxışdırılmağa başlanılır. Mənbə iddia edir ki, Hacıbəyli o qədər sıxışdırılır ki, axırda mandatdan və uzun illər müdafiə etdiyi və dəstəklədiyi hakimiyyətdən də imtina edərək, müxalifətə keçir.

Maraqlı məqamlardan biri də odur ki, Ziya Məmmədovun «sağ əli» xanım deputatı təhdid etmək üçün onun qardaşını da həbs etdirir. Sifariş əsasında baş verən prosesin üstü açılan kimi, xahiş geri çevrilir və Hacıbəylinin qardaşı azad olunur. Bütün bunların konkret olaraq hansı səbəbdən edildiyi məlum olmasa da, bilinən odur ki, Ziya Məmmədovla şəriki açıq şəkildə müxalifətin güclənməsinə yardımçı olmağa çalışıblar. Ən azından, hakimiyyət üçün əsas fiqurlar kimi qəbul edilən şəxsləri narazı salmaqla, onların müxalifət düşərgəsinə transferini reallaşdırıblar. Hakimiyyətin bu məsələdən nə qədər xəbərdar olub, olmadığı isə bəlli deyil.

Bu əsnada, Azad.Media saytı Bakıda fəaliyyət göstərən qumarxanaların əksəriyyətində Qulam Ələkbərovun şərikliyi olduğunu vurğulayıb. Saytın iddiasına görə, paytaxtda qadağan olunmuş fəaliyyətlə məşğul olan bu obyektlərdən hər ay Ələkbərov yüz minlərlə manat gəlir əldə edir. Və güman ki, Ələkbərov həmin pulun bir qismini şərikinə verməmiş olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net