
Sumqayıt Dövlət Universitetinin (SDU) Filologiya fakültəsinin birinci kurs tələbəsi Rumiyyə Qasımovanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. Artıq xəbər verildiyi kimi, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini R.Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb. Hadisə ilə bağlı yayılan məlumatlarda R.Qasımovanın intihar etdiyi bildirilir. Əlbəttə ki, gənc bir qızı belə bir ağır addım atmağa vadar edən səbəblər ictimaiyyəti narahat etməyə bilməz. Səbəblər isə çox adi və eyni zamanda da dəhşət doğuracaq qədər utancvericidir. Həm də elə ilk növbədə məhz cəmiyyətimiz üçün utancvericidir. Əgər belə olmasa idi, bu cəmiyyətin gənc bir üzvü gələcəyə böyük ümidlərlə, təhsil almaq üçün üz tutduğu ali məktəbdə rüşvət tələbi ilə üz-üzə qalmazdı! Və sonra da, valideynlərinin bu rüşvəti verə bilməmələrini bu pulu ondan tələb edənlər üçün deyil, məhz özü üçün qəbahət sayaraq, özünə qəsd etməzdi! Yazıq olsun bizlərə... Yazıq olsun bizlərə ki, gənclərimizin müqəddəratını Elxan Hüseynov kimi universitet rektorları həll edir.
Məlum olduğu kimi, hadisədən bir gün sonra, ölkə mətbuatında yer almış açıqlamalarda gənc tələbə qızın məhz sessiya imtahanından kəsilməsi səbəbindən bu addımı atdığı versiyası yer aldı. Bundan sonra isə, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən KİV-ə verilən açıqlamalarda qeyd olundu ki, R.Qasımovanın ölümü ilə əlaqədar yayılan məlumatlar qərəzli və məntiqdən uzaqdır: “Məlumatların verilməsinə qətiyyətlə etiraz edir və bildiririk ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlığı olmadığı üçün nəticəsi qənaətbəxş olmayıb. O, semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərib...” Qeyd edək ki, biz artıq vurğulamışdıq ki, SDU-nun mətbuat xidmətinin verdiyi açıqlamanın mətni daha çox məntiqdən uzaqlığı ilə diqqəti cəlb edir.Belə ki, açıqlamada belə bir ifadə yer almışdı: “...R.Qasımovanın tələbə yoldaşları da həmin gün onunla deyə-gülə universitetdən çıxaraq ayrıldıqlarını bildiriblər”. Amma imtahandan yeni kəsilmiş tələbənin, həm də 1-ci kurs tələbəsinin “deyib-gülməsi” çox da inandırıcı səslənmir. İndi isə SDU rəhbərliyinin daha bir yalanı ifşa olundu. Dünən Rumiyyə Qasımovanın atası Elşən Qasımovun mətbuata verdiyi açıqlamalardan aydın oldu ki, bu gənc tələbə qız, hələ universitetə qəbul olunmazdan öncə oxuduğu “Azəri” hazırlıq kurslarında əlaçı abituriyent olub. Məlumdur ki, belə hazırlıq kurslarında hazırlıq keçən abituriyentlərə qarşı irəli sürülən tələblər (təbii ki, təhsil baxımından) həm orta məktəblərdən, həm də təəssüflər olsun ki, əksər universitetlərdən çox-çox daha ciddi olur. Necə ola bilər ki, həmin kursu əla qiymətlərlə bitirmiş Rumiyyə Qasımova tədris proqramı orta məktəb proqramından çox da fərqlənməyən 1-ci kursun kollokviumlarında çox aşağı nəticə göstərsin? Onun imtahandan kəsilməsinə gəlincə isə, bax bunda qətiyyən təəccüblü heç nə yoxdur! Əksinə, əgər SDU-da hansısa tələbə rüşvət vermədən imtahandan qiymət ala bilsə, bax bu əsil sensasiya olar. Bu arada isə, Rumiyyə Qasımovanın atası Elşən Qasımov mətbuata verdiyi açıqlamasında qızının ölümü ilə bağlı Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etdiyini bildirib. E.Qasımovun sözlərinə görə, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib. Tələbənin yaxınları və atası da təsdiq edirlər ki, Rumiyyə Qasımovadan SDU-da imtahanlara görə pul istənililib və həmin pulu verə bilmədiyi üçün o, imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.


