“MTN köhnə peşəkarları geri çağırır”
Tarix: 26-11-2015, 15:43 | Çap et
“MTN köhnə peşəkarları geri çağırır”
Ötən gün Baş Prokurorluq açıqlama yayaraq, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirildiyini açıqladı.

Verilən məlumata görə, MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanındığı bildirilib. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Prokurorluqdan verilən məlumatda deyilir ki, qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 19 şəxs barəsində isə həbs-qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə, axtarış elan olunub.

Bəs bu cinayətlərin ağırlıq dərəcəsi necə müəyyənləşəcək? Həbslərin davam etməsi MTN-nin kadr bazasının zəifləməsi deməkdir. Adıçəkilən qurum bunu necə kompensasiya edəcək? Prokurorluğun onlar barəsində açıqladığı cəza növləri MTN-nin zabit işçiləri üçün ağır deyil ki?

Məsələyə münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl hafta.az-a açıqlamasında deyib ki, Baş Prokurorluğun son bəyanatı istintaq materiallarına, zərərçəkən şəxslərin şikayətlərinə əsaslanır:

“Hüququn aliliyi də bunu tələb edir. Üzə çıxmış cinayət əməlləri var, istintaq araşdırmaları davam edir. MTN rəhbərliyinin bu günə məlum olan qanunsuz əməlləri barədə istintaqa aydın olan budur. Bu rəqəm iki, üç, beş də olsa, 57 də olsa artıq hüquq üçün fərq etmir, məsuliyyəti də artırıb-azaltmır. Amma təbii ki, bunun son olmadığı bəllidir. Cəmiyyət üçün isə bütün cinayət əməlləri, vəzifədən sui-istifadə, səlahiyyət həddini aşma faktlarının hamısı aşkar olunmalıdır ki, bu yolda olanlar dərs alsın, qanundan, cəmiyyətin qınağından çəkinsinlər. Hər bir fərd bu tip əməllərin hədəfinə tuş gəlsə, haqqını tələb etsin, qorxmasın, şikayət etsin, yeri gələndə ictimailəşdirsin. Bu aşkarlıq həm cəmiyyəti, həm də məmuru tərbiyə etmiş olur".

Ehtiyatda olan polkovnik-leytenantın sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi növbəti həbslər dalğası olmasa belə, artıq zəifləyibdir:

“Kadr çatışmazlığına məruz qalıb. Professional kadr çatışmazlığı ilə üzləşib. Üstəlik, bundan sonra da həbslərin davam etməsi mümkündür. Bu isə zəifləmiş bir nazirliyin daha da zəiflənməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, bu orqanda paralel olaraq işlər də görülür. Yeni rəhbərlik köhnə peşəkarları dəvət edir, onlar da işləyirlər. Bu istiqamətdə də iş gedir. Yəni birmənalı olaraq zəifləməni düşünmək düzgün deyil. MTN bir tərəfdən zəifləsə də, digər tərəfdən də burada möhkəmlənmə müşahidə olunur. Çünki yeni-yeni işlər də görülür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net