“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri planlaşdırıldığı kimi iyunda neft hasilatını gündəlik daha 432 min barel artıracaq.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters“ alyansdakı mənbələrə istinadən xəbər verir.
“Çox güman ki, “OPEC+” sazişin mövcud şərtlərinə əməl edəcək və mayın 5-də keçiriləcək iclasda iyunda neft hasilatını gündəlik 432 min barel artırmağa razılaşdıracaq”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.