Almaniya Rusiyadan qaz nəqlinin dayanmasına hazırdır: Nazir bir rubl belə ödənməyəcəyini açıqladı
Almaniya hökuməti ölkədə Rusiyadan enerjidaşıyıcılarının nəqlinin dayandırılması halı üçün nəzərdə tutulan bir saylı fövqəladə vəziyyət planını işə salıb.
Musavat.com xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek keçirdiyi brifinqdə deyib: “Rusiya tərəfindən qazın dəyərinin rublla ödənilməməsi halında nəqlin dayandırılacağına dair bir neçə dəfə xəbərdarlıq səsləndirilib. Bu perspektivə hazır olmaq üçün bu gün səhər qaz direktivləri çərçivəsində birinci dərəcəli xəbərdarlıq rejimi elan etmişəm”.
Nazirin sözlərinə görə, fövqəladə planda belə hallar üçün 3 mərhələli plan nəzərdə tutulur və bu gün hələlik birinci mərhələyə uyğun hazırlıq işləri görülür: “Bu mərhələ vəziyyətin dəqiq monitorinqi, imkanların hesablanmasını nəzərdə tutur və nazirlikdə böhran qərargahı yaradılır. Bu qərargah qaz təchizatı ilə bağlı vəziyyəti analiz edir ki, lazım olduqda bu sahədə yarana biləcək problemləri əlavə mənbələr hesabına aradan qaldırmaq mümkün olsun”.
Habekin sözlərinə görə, bu gün səhər saatları üçün Rusiyadan qaz nəqlində hər hansı azalma müşahidə olunmayıb.
Almaniya rəsmisi bir daha bəyan edib ki, Rusiya qazına görə 1 rubl belə ödənməyəcək: “Biz mövcud müqavilələrin birtərəfli qaydada dəyişdirilməsi ilə razılaşmayacağıq. Çox şadam ki, özəl şirkətlər dövlətin bu mövqeyini tam dəstəkləyirlər. Hazırda Almaniyanın enerji təminatı üçün hər hansı təhlükə yoxdur. Anbarlarımızda qaz ehtiyatlarının həcmi 25 faiz təşkil edir”.