Azərbaycan qazını daşıyacaq Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi niyə ləngiyir? - Şirkətdən açıqlama
ICGB AD şirkətinin nümayəndələri Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə öhdəliklərin icrası üçün əlavə 6 aylıq müddətin verilməsi ilə bağlı layihələndirmə, satınalma və tikinti üzrə podratçı şirkət AVAX tərəfindən məlumatlandırılmayıb.
Bunu Trend-ə ICGB AD layihə şirkətindən interkonnektorun tikintisində ləngimələri şərh edərkən bildiriblər.
"Eyni zamanda, 2021-ci ilin iyul və sentyabrında Bolqarıstanın energetika və maliyyə nazirləri ilə görüş zamanı AVAX nümayəndələri təsdiqləyib ki, tikinti razılaşdırılmış müddətdə başa çatdırılacaq. Bolqarıstan Energetika Nazirliyi AVAX-a məktub yollayaraq ləngimələr təqdirində razılaşdırılmış məbləğdə cərimənin tətbiq olunacağı barədə xəbərdarlıq edib. Analoji məktub ICGB layihə şirkətinin icraçı direktorları tərəfindən də sentyabr ayında göndərilib", - deyə şirkətdən bildiriblər.
Qeyd olunub ki, IGB boru kəmərinin istismara verilməsi müddəti Yunanıstanın və Bolqarıstanın enerji sahəsində tənzimləyici orqanları (EWRC və RAE) tərəfindən təsdiqlənmiş və 2022-ci il iyul ayı təyin olunmuşdu.
"ICGB ümid edir ki, cəlb olunan tərəflər tikintintin vaxtında başa çatdırılmasının təmin olunması üçün müqavilə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirəcək. IGB layihəsi həm Yunanıstan, həm də Bolqarıstan üçün böyük əhəmiyyət daşıyır və istənilən lənigimə ölkələrin milli maraqlarına cavab verməyəcək".
Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.