“Son illərdə ilk dəfədir ki, “Brent” ilə “WTI” markalı neftin qiyməti demək olar ki, bərabərləşib - hər iki növ neft 75-76 dollar koridorundadır”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirb ki, ötən illərə baxsaq, hər dəfə belə fenomen baş verəndə, yəni "spread" bu həddə olanda, neft qiymətləri kəskin dalğalanır, çox güman ki, yaxın günlərdə yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik:
“OPEC və Rusiya danışıqları bu gün davam edəcək, dünən razılaşma olmadı. Səudiyyə və Rusiya hər ay 400 min barel olmaqla il sonunadək 2 mln. bareldən çox günlük hasilatı artırmağı, yəni daha ehtiyatlı davranmağı, süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edirlər.
Amma bir neçə ölkə bunun əlehinə çıxır, hasilatı daha çox artırmağı təklif edirlər, çünki qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Görüşün dünəndən bu günə, 5-ci gün axşama ertələnməsi onu deməyə əsas verir ki, razılaşma daha çox hasilatı artırmaq yönündə olacaq, bu isə qiymət koridorunu 10 dollar azalda, neft qiymətlərini 60-70 dollar koridoruna çəkə bilər.
Qərarın 5-ci gün axşama saxlanılması ona görə lazımdir ki, dünya birjaları bağlanandan sonra qərar çıxsın, həmən kəskin dalğalanma yaratmasın, həftənin ilk iş gününədək bu qərarla bağlı ajiotaj azalsın, yeni həftədə birjalar açılanda qiymətlər daha az enmə göstərsin. Bu yanaşma anlaşmanın konservativ olmasında da keçərlidir.
Səudiyyə və Rusiyanın təklifi keçsə, kəskin bahalaşma ola bilər, ona görə də, qərar hər bir halda birjalar bağlanandan sonra, ya da bağlanmağa yaxın elan ediləcək. Beləliklə, neft qiymətləri ya 60-70 koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək. Hər bir halda dalğalanmalar hissedilən olacaq”.