Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 5,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 8,5% çoxdur.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda 1 mln. ton (7,8 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Hesabata əsasən, ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə 688 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 181 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.