Azərbaycanda xarici valyutaların alış-satış həcmləri: Dollara tələb kəskin artıb
2020-ci ildə xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
Belə ki, 2020-ci ildə banklar tərəfindən 1 milyard 139,3 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 374,1 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,7 faiz azalıb, satışı isə 35,9 faiz çox olub.
Bu dövr ərzində 10 milyon 786,1 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 19 milyon 37,6 min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 6,8 faiz çox olub, satış isə 37,1 faiz azalıb.
Yanvar-dekabr ayları ərzində banklar tərəfindən 76 milyon 886,7 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 234 milyon 422,7 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 64,7 faiz və ya 2,8 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 59,5 faiz və ya 2,5 dəfə azalıb.
İlin əvvəlindən dekabr ayının sonuna olan göstəriciyə əsasən, 14 milyard 34,2 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 675,1 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 6,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 12 ayı ilə müqayisədə 26,9 faiz az olub.
Qeyd edək ki, 2020-ci ildə digər üç valyutanın (avro, funt sterlinq, rubl) satış həcmləri, yəni vətəndaşlar tərəfindən alışı azalsa da dolların əhali tərəfindən alışı 2019-cu ilin göstəriciləri ilə müqayisədə artıb.
Həmçinin, ötən il digər üç valyutanın (dollar, avro, rus rublu) banklar tərəfindən alışı, yəni vətəndaşlar tərəfindən banklara satış həcmi azalsa da, əvvəlki ilə nəzərən funt sterlinqin əhali tərəfindən banklara satış həcmi artıb.