Azərbaycan dekabrda "OPEC+" üzrə öhdəliyini tam yerinə yetirib
Tarix: 11-01-2021, 17:33 | Çap et
Azərbaycan dekabrda "OPEC+" üzrə öhdəliyini tam yerinə yetirib
2020-ci ilin dekabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 688,8 min barel olub. Bunun 587 min barelini xam neft, 101,8 min barelini isə kondensat təşkil edib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2020-ci ilin avqust-dekabr aylarında xam neft hasilatını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalı idi. Beləliklə, Azərbaycan dekabr ayında "OPEC+" üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib.

Qeyd edək ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.

2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net