Bank sektorunda müşahidə olunan dalğalanmalar stabilləşib - AÇIQLAMA
Tarix: 30-12-2020, 18:33 | Çap et
Bank sektorunda müşahidə olunan dalğalanmalar stabilləşib - AÇIQLAMA
“2020-ci il ölkənin maliyyə və bank sektoru üçün qlobal şoklardan yayınma, makroiqtisadi stabillik, yenidənqurma və iqtisadi yüksəlişə dəstək siyasəti ili kimi yadda qaldı”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı 2020-ci ilin iqtisadi-sosial yekunlarından danışarkən deyib.

O bildirib ki, pandemiyanın təsiri ilə cari ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar cari ilin ikinci yarımilindən etibarən stabilləşib, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan əsasən kənarlaşıb:

“Xüsusi ilə cari ilin ikinci yarısından başlayaraq sektorun inkişafı və vollatilikləri ötürməsi baxımından müsbət siqnallar qeydə alınıb ki, bu da Prezidentin rəhbərliyi ilə böhranlara effektiv cavab vermə siyasəti nəticəsində olub.

Bank sektorunun aktivləri cari ilin sonuna doğru davamlı olaraq sabitlik və artım meyilləri göstərib, 2020-ci ilin ilk 11 ayının nəticələrinə əsasən, 30 milyard 743 milyon manata çatıb.

Digər tərəfdən, bankların əməliyyat mənfəəti üzrə davamlı müsbət dinamika müşahidə olunub. Requlyativ islahatların nəticəsi olaraq, kredit portfellərinin keyfiyyət əmsalları yaxşılaşıb. Ən mühüm göstəricilərdən biri hesab olunan qeyri-işlək kreditlərin ümumi həcmi 922,9 milyon olub və ümumi portfeldə xüsusi çəkisi 6,3 faizədək azalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır”.

Vüsal Qasımlı qeyd edib ki, qeyri-işlək kredit portfelinin son illər davamlı olaraq azalması Azərbaycanın bank sistemində aparılan davamlı islahatların nəticəsi olmaqla bərabər, bu sahədə ölkəmizi MDB məkanında müvafiq istiqamətdə ən uğurlu nəticələrə nail olan ölkələrdən birinə çevirib:

“Sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri də uzunmüddətli krediləşmə meyillərinin yaranması olub, uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmaqla, 83 faizə çatıb.

Cari ilin analizləri onu göstərir ki, dörd bankın sistemdən kənarlaşdırılmasının əmanət və depozitlərdəki azalmaya təsirləri artıq stabilləşmə meyilləri ilə müşayiət olunur. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb.

Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib.

İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 42 faizə çatıb ki, bu da son beş ildə müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasını göstərən ən yaxşı indikator hesab oluna bilər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net