Neft bazarı üçün ağır ay: Ucuzlaşma səbəbləri - TƏHLİL
Tarix: 2-11-2020, 11:39 | Çap et
Neft bazarı üçün ağır ay: Ucuzlaşma səbəbləri - TƏHLİL
Ötən həftə qlobal əmtəə bazarlarında neftin fyuçers qiymətlərinin aprel ayından indiyədək ən kəskin həftəlik azalması kimi yadda qaldı. Belə ki, ötən həftə “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti həftəlik 10,34%, aylıq isə 8,5%, WTI neftinin qiyməti isə həftəlik 11%, aylıq isə 7,57% azaldı.

Neft həm də ardıcıl olaraq ikinci aydır ki, eniş nümayiş etdirir. Dalğalanmalarla müşahidə edilən son iki ayın da ən aşağı göstəricisi oktyabrın 30-da qeyd alındı. Həmin gün Londonun “ICE Futures” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 0,50% azalaraq 1 barelə görə 37,46 dollar, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 1,05% azalaraq 35,79 dollar təşkil edib.

Neftin fyuçers qiyməti yeni aya və həftəyə də kəskin enişlə başlayıb. Saat 11:15-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar ayı üçün qiyməti 3,43% azalaraq 36,64 dollar/barel, WTI markalı neftin dekabr ayı üçün qiyməti isə 4,02% aşağı düşərək 34,35 dollar/barel olub. Bu isə son ayların ən aşağı göstəricisidir.

Bəs neft bazarını təzyiq altında saxlayan, qiymətlərin kəskin azalmasına səbəb olan amilllər hansılardır?

Hazırda neftin qiymətinə təsir göstərən ən başlıca səbəb koronavirus infeksiyasının kəskin artması fonunda bir sıra ölkələrin məhdudiyyətlər tətbiq etməyə başlamasıdır. Xüsusilə də Avropanın Fransa və Almaniya kimi iri iqtisadiyyata malik ölkələrində bir neçə həftə əvvəl bazarın gözləmədiyi məhdudiyyətlərin artıq tətbiq olunması qlobal neft bazarını təzyiq altında saxlayır.
Xatırladaq ki, Fransada oktyabrın 30-dan dekabrın 1-dək bütün ölkə ərazini əhatə edən sərt karantin tətbiq olunmağa başlayıb. İnsanlara yalnız vacib ehtiyacların alınması, tibbi səbəblər və ya bir saatlıq gəzinti üçün icazə verilir. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada isə noyabrın 2-dən sonunadək bar və restoranların bağlanmasını, toplanmaların qadağan olunmasını nəzərdə tutan qismən karantin tətbiqinə başlanılıb. Artıq ABŞ və digər böyük ölkələrdə də koronavirusun kəskin artması səbəbindən neftə tələbatın kəskin aşağı düşəcəyi, bazarın bərpasının gözlənildiyi kimi olmayacağı proqnozları neftin qiymətini azaltmaqdadır.

Liviyada hasilatın artması
Neftin qiymətinə təsir edən digər amil isə Liviyada neft hasilatının artmasıdır. Belə ki, Liviyada ötən həftə gündəlik neft hasilatının həcmi 680 min barelə çatıb ki, bu göstərici ayın əvvəlindən 36% artıqdır. Liviyanın Milli Neft Şirkəti (NOC) həftənin əvvəlində sonuncu obyektlərdə də 8 aylıq blokadadan sonra fors-major vəziyyəti aradan qaldırıb. Blokada nəticəsində yanvar ayında bu ölkənin gündəlik neft hasilatı 1,2 mln bareldən 100 min barelə qədər azalmışdı.
NOC gündəlik hasilatı blokadadan əvvəlki 1,2 mln barelə qədər artıra bilməsə də, yaxın həftələrdə 1 mln barelə qaldırılacağını bildirib. Halbuki daha əvvəllər Liviyanın bazara 1 mln barel neft çıxarmasının uzun aylar tələb edəcəyi gözlənilirdi.
Qeyd edək ki, Liviya OPEC+ öhdəliyindən azad olunduğuna görə, hasilatını istədiyi qədər artırmaq və bazara çıxarmaq imkanına malikdir. Bu isə onsuz da həssas vəziyyətdə olan bazarda qiymətlərə əlavə təzyiq göstərir.

ABŞ-da neft ehtiyatlarının artması
ABŞ-da neft ehtiyatlarının həcminin artması bazarda qiymətlərə təsir göstərib. ABŞ-ın Enerji İnformasiyaları Administrasiyasının məlumatına görə, bu ölkədə neft ehtiyatlarının həcmi gözləniləndən artıq olub. Oktyabrın 23-ü həftəsi üçün ABŞ-ın neft ehtiyatlarının həcmində 4,320 mln barel artım qeydə alınıb. Halbuki bazarın gözləntisi 1,23 mln barel artım idi.

OPEC+ ölkələrinin proqnozu
OPEC+ sazişinə qoşulan bəzi ölkələrin kəsintinin hazırkı həcminin müddətini uzatmaq barədə tərəddüdləri də bazara təsir göstərən amillərdəndir. Belə ki, OPEC+ sazişinin iki lideri Səudiyyə Ərəbistanı və Rusiya 2021-ci ildə hazırkı hasilat səviyyəsini 2 mln barel artırmaq əvəzinə həmin səviyyədə (gündəlik azalma 7,7 mln barel) saxlamaq tərəfdarıdır.
Lakin İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt kimi OPEC-ə üzv ölkələr hazırkı azalmanı növbəti ildə davam etdirmək niyyətində deyillər.
OPEC-in bu üç ən böyük hasilatçısının dərin endirimləri davam etdirməyə razılaşmaq istəməməsi həm karteldə, həm də OPEC + qrupunda yenidən gərginlik mənbəyi ola bilər və 2021-ci il üçün kurs təyin edildikdə əlavə təzyiq yarada bilər.

Bazarı tənzimləmək yolu

Analitiklər tələb tərəfi göstəricilərinin hələ də zəif olmasına qarşı hazırda qiymətləri dəstəkləyən yeganə amilin təklif tərəfinin cavabı olduğunu bildirir. Yəni OPEC+ sazişinə qoşulan ölkələr təkliflə bağlı qərara yenidən baxmalıdır. May ayında olduğu kimi sazişə qoşulmayan digər iri neft hasilatçılarının da hasilatlarını azaltmaq üçün yenidən addın atması qiymətləri nisbətən tənzimləyə bilər. Görünən odur ki, bazar OPEC+ ölkələrindən istehsal kvotalarında planlaşdırılan artımı yenidən nəzərdən keçirəcəyini, bütün hasilatçıların həmrəylik göstərəcəyini eşitmək istəyir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net