Rusiya avqustda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
Tarix: 29-10-2020, 15:59 | Çap et
Rusiya avqustda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

Bu ilin avqust ayının nəticələrinə görə, Rusiya Türkiyənin ən böyük qaz tədarükçüsü olub.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) açıqlamasında deyilir.

Qeyd olunur ki, Rusiya avqust ayında Türkiyəyə 1,37 mlrd. kubmetr həcmində qaz ixrac edib. Rusiyadan sonra Türkiyənin əsas qaz tədarükçüləri sırasında Azərbaycan və İran (müvafiq olaraq 986 mln. kubmetr və 406 mln. kubmetr) yer alıb.

Avqust ayında Türkiyəyə qaz idxalının ümumi həcminin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,5% – 3,35 mlrd. kubmetrədək artdığı qeyd olunur. Bunun təxminən 2,76 mlrd. kubmetri boru kəməri, 591 mln. kubmetri isə maye qazın payına düşüb.

Bununla yanaşı, Türkiyəyə boru kəmərlər vasitəsilə idxal olunan qazın həcmi avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% artıb, maye qaz alışı isə 26,1% azalıb.

Qeyd edək ki, iyul ayında Türkiyənin ən böyük qaz tədarükçüsü Azərbaycan olub. Belə ki, Azərbaycandan Türkiyəyə hesabat ayında 1,1 mlrd. kubmetr qaz göndərilib. İyul ayının nəticələrinə görə, ikinci yerdə Rusiya, üçüncü yerdə isə İran (müvafiq olaraq 843 mln. kubmetr və 664 mln. kubmetr) qərarlaşıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net