TANAP nüfuzlu mükafata layiq görülüb
Tarix: 21-10-2020, 15:29 | Çap et
TANAP nüfuzlu mükafata layiq görülüb

Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edilib. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ofisi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI –Project Management Institute) TANAP-ı “İlin layihəsi” kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq görüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi ofisi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu tərəfindən “İlin layihəsi” kateqoriyasında mükafata layiq görülüb. TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə “İlin layihəsi” elan olunub.

Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

Xatırladaq ki, TANAP 2019-cu ildə bir çox qlobal mükafatlara- mərkəzi ofisi ABŞ-da yerləşən Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası (AMCP) tərəfindən təsis olunan və dünyanın ən nüfuzlu mükafat proqramlarından biri kimi qəbul edilən “Communitas”ın “İctimai Xidmət və Korporativ Sosial Məsuliyyət” mükafatına, dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan uğurlu korporativ sosial məsuliyyət layihələrini və kütləvi kommunikasiya fəaliyyətlərini qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada yerləşən “The International CSR Excellence Awards” tərəfindən “Davamlılıq” kateqoriyasında və beynəlxalq miqyasda ən uğurlu ətraf mühit tətbiqlərini tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək məqsədilə qurulan və mərkəzi ofisi Böyük Britaniyada yerləşən “The Green Organisation” tərəfindən “Green World Awards”, “Ən yaxşı ətraf mühit tətbiqləri” kateqoriyasında mükafatlara layiq görülüb.

TANAP-ın qazandığı digər beynəlxalq uğurlar arasında “PR Daily”nin Korporativ Sosial Məsuliyyət Mükafatlarında “Cəmiyyətə dəstək” kateqoriyasında birinci yerə layiq görülməsi, eləcə də dünyanın ən nüfuzlu mükafatlarından biri olaraq qəbul edilən “Stevie International Business Awards”da “Avropada ilin Korporativ Sosial Məsuliyyət” mükafatını alması da diqqəti cəlb edir.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq Xəzər dənizində Azərbaycanın “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Əsas xəttinin uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatır, burada isə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP təbii qaz boru kəmərinə birləşir. Əskişəhər və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda olan 3 boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net