Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin qaytarılmasına başlanılıb.
Bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Fonddan bildirilib ki, yaxın günlərdə qaytarılan əmanətlərin həcmi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlərlə bağlı Fond tərəfindən verilən müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.