Cənab nazir, Füzulidə sosial yardımı alanlar "CİP" sürür...
Tarix: 11-11-2015, 09:54 | Çap et
Cənab nazir, Füzulidə sosial yardımı alanlar "CİP" sürür...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMM) yerli şöbələrində nələrin baş verdiyi yazılsa da, indiyə qədər heç bir tədbir görülmür. Hətta Səlim Müslümov yeni nazir təyinatı aldıqdan sonra verdiyi vədləri ya unudub, ya da yerli mərkəzlərin öhdəsindən gələ bilmir.

Füzulinin SMM direktorunun xüsusi qaydaları

Məlumdur ki, əyalətlərdə insanların maddi durumu bərbaddır. Bu acınacaqlı hal daha çox qaçqın rayonlarında qabarıq şəkildə hiss olunur. Elə bu səbəbdəndir ki, məcburi köçkün ailələri dolanışıqlarının bir qismini dövlət büdcəsi hesabına qurmağa çalışırlar. Məsələn, Füzuli rayonunda olduğu kimi.

Əslində, Füzuli rayonunda insanlıq dramı yaşanır desək yanılmarıq. Çünki burada ünvanlı sosial yardım almaq istəyənlər çoxdur, onlardan haqq tələb edənləri isə az. Söhbət Füzuli rayon Sosial Müdafiə Mərkəzindən gedir. JAM.AZ-a verilən məlumata görə, mərkəzin direktoru Adil Həziyevin özünün xüsusi qaydaları var və onu kimsə poza bilməz. Hətta Səlim Müslümov belə.

Bu qaydalardan biri ünvanlı sosial yardımların yalnız özünə yaxın olan şəxslərə, qohumlara verilməsindən ibarətdir. Füzuli rayonunda başqa biri, yəni Həziyevə yaxın olmayan şəxsin yardım ala bilməsi qeyri-mümkündür.

«3 ay mənim» prinsipi

JAM.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, Adil Həziyevin bir başqa qaydasına görə, ən əzizi olsa belə ünvanlı sosial yardım alan şəxs aldığı pulun 3 aylıq qismini mütləq mərkəz direktoruna verməlidir. Özü də ödəniş bəri başdan olmalıdır.

Təbii ki, Füzuli rayonunda da ünvanlı sosial yardımların maddi imkanları nisbətən yaxşı olan və ya daha imkanlı şəxslərə verilməsi halları geniş yayılıb. Çünki bu daha rahat qazanc mənbəyidir.

20 adamın adına yazılmış ayda 3500 manat

JAM.AZ-a danışan mənbənin iddiasına görə, Füzuli SMM-in direktoru Adil Həziyev 20-yə yaxın şəxsin adına ünvanlı sosial yardım yazaraq, onlara çatacaq aylıq 3500 manat pulu özünə götürür. Bu azmış kimi, onun bir zamanlar icra nümayəndəsi işlədiyi kənddəki ən yaxın adamlarının adına yardım aldığı da vurğulanır.

Məlumat üçün bildirək ki, Adil Həziyev SMM-in direktorluğundan öncə, Füzuli rayonunun bir neçə kəndində icra nümayəndəsi vəzifəsində çalışıb. Elə bu da onun geniş əhatə dairəsi formalaşdırmasına imkan yaradıb və qazanc yerinə çevirib.

JAM.AZ-a verilən məlumata görə, hazırda Füzuli rayonunda sosial müavinət və ünvanlı sosial yardımla bağlı sənədlərin saxta yolla sənədləşdirən komanda fəaliyyət göstərir. İddia olunur ki, həmin komanda Adil Əliyevin ətrafında sıx birləşərək, imkansız ailələri ünvanlı sosial yardımlara həsrət qoyur, varlılara daha çox pul verməklə məşğuldur.

Qohum-əqraba üçün ünvanlı sosial yardım «hədiyyələri»

Xatırladaq ki, hələ bir müddət əvvəl mətbuatda Adil Həziyevin öz yaxın adamlarına saxta sənədlərlə ünvanlı sosial yardım verməsiylə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, mərkəz müdiri kürəkəni, Baba Bəhmənli kənd sakini Seymur Balaxan oğlu Teymurova Bakı şəhərində məskunlaşmasına baxmayaraq, ona 163 manat, Əhmədbəyli kənd sakini olan bibisi qızı Mahnıyar Qaçay qızı Murtuzayevaya 173 manat, Əhmədbəyli kənd sakinləri olan dayısı oğlanları Dərgah Əliyevə 150 manat, Şirvan Əliyevə 141 manat, Əhsədbəyli kəndindən olan həmkəndliləri traktorçu Bağdad Quliyevə 111 manat, Ramin Məmmədova 157 manat, bacanağı Elşən Həsənova 140 manat ünvanlı sosial yardım təyin edib. Bundan başqa, Bakı şəhərində məskunlaşmış rayon sakini Bakir Qəhrəmanova da 166 manat pul ayıran SMM direktoru, bununla kimsədən qorxmadığını isbat edib.

İşin qəribə tərəfi odur ki, Adil Həziyev sərhədləri o qədər aşıb ki, hətta 2 saylı Qayıdış qəsəbəsinin icra nümayəndəsi Nuğay Rzayevin oğlu Cəmil Cəlilzadəyə də 128 manat ünvanlı sosial yardım ayırıb. Halbuki həmin ailənin bahalı «CİP» markalı avtomobili, pay torpağı və böyük ticarət mağazası var.

«Makler» katibəyə də 163 manat

Adil Həziyev o qədər qorxmaz, çəkinməz biridir ki, öz katibəsinə belə ünvanlı sosial yardım ayırıb. JAM.AZ xəbər verir ki, Tacirə Abbas qızı Mamedova hər ay müdirinin əlindən 163 manat alaraq, şad-xürrəm həyat sürür. Onun ərinin şəxsi avtomobili olması və ailənin normal yaşadığını bilməyən isə yoxdur.

Hərçənd Tacirə Mamedova da az aşın duzu deyil. Adil Həziyevin katibəsi həmçinin mərkəzin əsas «makler»lərindən biri sayılır. Çünki Horadiz qəsəbəsindən olanların əksəriyyətinin ünvanlı sosial yardım almalarını məhz Tacirə xanım özü təşkil edib.

Çobanlara maaş əvəzi verilən yardım

JAM.AZ-ın əldə etdiyi məlumata görə, mərkəz direktorunun maddi imkanlarının həddi-hüdudu yoxdur. Məsələn, onun Araz çaynın kənarında 200 hektara yaxın torpaq sahəsi var. Burada böyük bir heyvandarlıq kompleksinin fəaliyyət göstərdiyi deyilir. Amma Adil Həziyev orada çalışan naxırçı və çobanların da pulunu dövlət büdcəsi hesabına verir.

Belə ki, bu fermada çalışan naxırçı və çobanların əmək haqları onlara ayrılmış ünvanlı sosial yardım şəklində ödənilir. Yəni, onların adına yardım yazdırıb, bunu əmək haqlarına çıxır.

416 nəfərin neçəsi Həziyevin adamıdır?

Digər məlumatlara görə, Füzuli rayonunda sosial yardım alanların əksəriyyəti Əhmədbəliy kəndinin sakinləridir. Buna səbəb də mərkəz direktorunun məhz bu kənddən olması və qohumları ilə yanaşı, həmkəndliləri üçün şərait yaratmasıdır.

JAM.AZ bildirir ki, ümumilikdə Füzuli rayonunda 416 nəfər ünvanlı sosial yardım alır. Onlardan 30 nəfərə yaxını Adil Həziyevin çox yaxın adamlarıdır. Yəni, bu adamların kartları direktorun cibində olur. Digər 50 nəfərə yaxını isə qohum-əqraba, tanışlardan ibarətdir. 250-yə yaxın şəxs isə Adil Həziyevin adamlarının vasitəsiylə yardım alanlardır ki, onlardan da bəri başdan 3-4 aylıq pulları alınıb.

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net