Cənab nazir, burada 100 manata arayış satırlar...
Tarix: 5-11-2015, 09:54 | Çap et
Cənab nazir, burada 100 manata arayış satırlar...
Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Etraf etmək lazımdır ki, bu gün ölkəmizdə tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakının Nəsimi rayonunda yerləşən 5 saylı şəhər poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. İlk növbədə açıqlamalarda vurğulanır ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 5 saylı poliklinikada bu imtiyazlardan məhrum durumdadırlar. Belə ki, pul verməyən xəstələr burada nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Belə vəziyyətin yaranmasına görə isə, mənbələr ilk növbədə baş həkimin müavini Nelli xanımın məsuliyyət daşımalı olduğunu qeyd edirlər. 5 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin bəzi əməkdaşlarını həm də saxta arayışların verilməsində ittiham edir. İddia olunur ki, bu gün poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Belə ki, açıqlamaya görə, 5 saylı poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Məhz elə bu günlərdə bu tibb müəssisəsinə müraciət etmiş bir vətəndaşın sözlərinə görə, qanuni əsaslarla Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün arayış (88 saylı forma) almaq istəyərkən, ondan 100 manat məbləğində pul tələb olunmuşdur. Həmçinin bu vətəndaş da 5 saylı poliklinikada həyata keçirilən arayış spekulyasiyalarının arxasında məhz Nelli həkimin durduğunu, eyni zamanda da sahə həkimi olan Kəmalə xanımın bu işlərdə vasitəçilik etdiyini bildirir.

Bu arada belə bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu yaxınlarda 5 saylı şəhər poliklinikasının baş həkimi vəzifəsinə Leyla xanım Şərifova təyin edilmişdir. Bu təyinatla bağlı mənbələr bildirirlər ki, yeni baş həkimin işə münasibəti yaxın vaxtlarda bu tibb müəssisəsinin fəaliyyətində kəskin dönüş ola biləcəyinə dair sakinlərdə müəyyən ümidlər yaradıb. Bununla belə, hər hansı irəliləyişə nail olmaq üçün ilk növbədə poliklinikanın kadr məsələləri ilə bağlı təcili tədbirlərin görülməsi zərurəti də açıqlamalarda vurğulanır. Qeyd olunur ki, müəssisənin əliəyri həkimlərdən təmizlənməyəcəyi təqdirdə, bu poliklinikanın fəaliyyətində hər hansı dönüş yaratmaq ümumiyyətlə mümkün olmayacaq. Təbii ki, bütün bu iradlara və ilk növbədə poliklinikada rüşvətxorluq hallarına yol verilməsinə dair iddialara müəssisənin rəhbərliyinin də münasibətini öyrənmək bizim üçün son dərəcə maraqlı olardı. Ümid edirik ki, artıq növbəti materialda 5 saylı şəhər poliklinikasının baş həkimi Leyla Şərifovanın da mövqeyini oxucularımıza təqdim edə biləcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net