Ziya Məmmədovun himayə etdiyi iddia olunan mafia qruplaşması
Tarix: 28-10-2015, 09:48 | Çap et
Ziya Məmmədovun himayə etdiyi iddia olunan mafia qruplaşması
Azərbaycanda sahibkarlara qarşı edilən qaunsuzluqlar ölkəmizdə iqtisadiyyatın inkışafının qarşısını alan əsas problemlərdəndir

Əksər hallarda bu qanunsuzluqların arxasında yüksəz vəzifəli məmurlar dayanır.

Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə sahibkarlara qarşı qanunsuzluqlara son qoymağa çağırıb və qanunsuzluq edənləri cəalandıracağını bildirib.

Cümhuriyyət.az saytına Xaliq Əsgərov tərəfindən şikayət daxil olub. Şikayətində Xaliq Əsgərov Nəqliyyat Naziri Ziya Məmmədova bağlılıqda şübhəli bildiyi mafia qruplaşmasının qanunsuzluqlarını saytımıza bildirib. Ən maraqlısı isə ondadır ki, məhkəmə əksər qanunsuzluqları təsdiq edib cinayətkarlara cəza kəssə də illərlədir ki, məhkəmənin qərarı tam olaraq icra olunmur.

Şikayətçi Əskərov Xaliq Qələndər oğlu Abşeron rayonunun Saray qəsəbəsi, Mikayıl Müşviq küçəsi-55 ünvanda 2 mərtəbəli qeyri-yaşayış sahəsi olan obyektdə bir müddət problemsiz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Obyektin birinci mərtəbəsində “Super market”, yeməkxana, ayaqqabı sexi, ev alqı-satqısı ofisi, kişi və qadın gözəllik salonları, fitnes zalı, musiqi disklərinin satışı mağazası, ayaqqabı və paltar satışı mağazaları mövcud olub. İkinci mərtəbəsi isə gələcəkdə tibb klinikasının fəaliyyəti üçün nəzərdə tutulubmuş. Lakin, bütün işlərin qaydasında getdiyi bir vaxta Əskərovun planları yarımçıq qalıb.
Mülkə İsmayılova Qənirə Eldar qızı “müştəri” çıxıb. Gözlənilməz “müştəri” özünü ilk olaraq millət vəkili Qənirə Paşayevanın köməkçisi kimi göstərib. Daha sonra isə Arif Paşayev ilə aralarındakı əlaqələrdən danışıb və bu mülkün Arif Paşayev tərəfindən alınmaq istənildiyini bildirib.

Xaliq Əsgərovun sahibkarlıq fəaliyyətini genişləndirmək istəsə də, Arif Paşayevin alqı-satqıda adının olması onu sövdələşməyə sövq edib. Beləliklə ilkin olaraq Qənirə İsmayılova ilə şifahi razılıq əldə olunub. Razılaşmaya əsasən mülk 1,7 milyon dollara qarşı tərəfə satılmalıymış. Şifahi razılaşdırma zamanı Qənirə İsmayılovanı Məmmədəli, İlham və Ömər adlı şəxslər də müşayət edib. Qənirə İsmayılova Arif Paşayevin adamı olmasını daha da inandırıcı etmək üçün özünü həm də “Paşa MMC”-nin direktoru kimi təqdim edir. Bütün sadlananlar Xaliq Əsgərovun inamının qazanılmasına kömək edir və tərəflər 2 gündən sonra görüşmək şərti ilə ayrılırlar.

Deyilən vaxtda Qənirə İsmayılovə və dəstəsi razılaşdırdıqları şəkildə yenidən Xalid Əsgərovla görşürlər. Lakin İmayılova Arif Paşayevin adından danışaraq, guya onun bu qiymətlə razılaşmadığını və mülkü 900 min dollara almaq istədiyini bildirir. Xaliq Əsgərov nə qədər cəhd etsə də mülkün qiymətini ən azı bir milyon dollara qədər razılaşdıra bilmir. Çarəsiz qalan Əsgərov bu şərtlərə də razılaşır və İsmayılovanın dəstəsi məsələni Arif Paşayevə çatdırmaq üçün yenidən iki günlük möhlət istəyir.
İki gün sonra isə İsmayılova Arif Paşayevin bu qiymətlə razılaşdığını bildirir. İsmayılova həmçinin Aqil Əliyev adlı birinin bir-neçə saata 100 min manat beh gətirəcəyinə də söz verir və sənəsdləşdirmə prosesini sürətləndirmək üçün Xaliq Əsgərovdan etibarnamə alır. Lakin, nə behdən, nə də İsmayılovadan gün ərzində səs-soraq çıxmır və məsələ növbəti günə təxirə düşür.

Növbəti gündə isə İsamyılova banqdan böyük miqdarda pulun çıxardılmasında problemin yaranmasını bəhanə gətirərək Xaliq Əsgərova danışılandan 4 dəfə az 20 min manat və 5 min dollar məbləğində beh verir və alqı-satqının real olduğuna sahibkarı inandırır.

Əskərov bir neçə gündən sonra İsmayılovanın dəstəsi ilə birlikdə mülkün yerləşdiyi Abşeron rayonun yox, Bakıdakı 19 saylı Notariat Kontoruna yollanırlar. Notariusa Əskərovun oğlu Zaur Əskərovun maşınında gedirlər. Yolda Q.İsmayılova bildirir ki, onlar 900 min ABŞ dollarını birdəfəyə verə bilməzlər, gərək notariusda razılıq ərizəsi yazılsın və sonra biz öz aramızda borcları hissə-hissə ödəyək. Xaliq Əsgərov məsələnin bu zamnında dələduzlarla qarşılaşdığını anlayır və sərt şəkildə etiraz edir. Lakin artıq etiraz qəbul olunmur və dələduzlar artıq hədə-qorxulara keçərək Əsgərovun oğlunu öldürəcəklərini və özünü də şikəst edəcəklərini bildirir.
Qənirə İsmayılovanın yanında olan Məmmədəli, Ömər, İlham da Əskərova, “Biz sənin kimi çoxlarını sındırmışıq, bizim kəsdiyimiz başa sorğu-sual yoxdur. Başının və oğlunun salamat olmasını istəyirsənsə, deyilən şərtlərlə razılaşmalısan, yoxsa bu gün buradan evə salamat getməyəcəksən”. – deyə hədə-qorxu gəlirlər.

Əskərov daha sonra olanları belə şərh edir: “Bərk ilişmişdim, anladım ki, bunların əlindən nə desən gələr. Ona görə də yalan danışaraq, bildirdim ki, yoldaşım rayondadır, onu bu gün bura gətirmək mümkün deyil. Ona görə də mən borc müqaviləsini və obyektin satılması üçün alqı-satqı sənədlərini imzalamağa hazıram. 1-2 gündən sonra da yoldaşımın razılıq ərizəsini alaram. Ancaq yoldaşım əvvəlcədən obyektin alqı-satqısı üçün razılıq ərizəsi vermişdi. Ancaq bunlar məsələni başqa səmtə yönəltdilər. Təbii ki, borc müqaviləsinə də yoldaşımın razılıq ərizəsi olmalı idi” .

Göründüyü kimi, Bakı şəhərindəki 19 saylı Dövlət Notariat Kontorunun (DNK) rəisi açıq-aşkar qanunsuzluğa yol verib. Çünki həmin mülk nigahda olarkən Xalid Əskərovla həyat yoldaşı Kəmalə Əsgərovanın birgə mülküdür. Odur ki, ikisinin də razılığı olmadan obyekt üzərində hər hansı bir əməliyyatın aparılması qeyri-qanunidir. Bu fakt İsmayılovanın 19 saylı DNK-nın rəisi ilə əlbir olduğunu da göstərir. Odur ki, əvvəlcədən əldə etdiyi etibarnamə ilə dələduzlar artıq öz işlərini görmüşdülər. Sonradan məlum olur ki, obyekt “Bank of Azərbaycan”ın 1 saylı filialında ipoteka yüklü edilib və 1 milyon 494 min ABŞ dolları məbləğində müqavilə bağlanılıb, lakin 300 min ABŞ dolları həcmində kredit götürülüb. Beləliklə, 10 sot ərazi və 964,46 kvm-lik obyekt Əskərovun mülkiyyətindən çıxarılaraq “Bank of Azərbaycan”nın ixtiyarına verilib. Bundan xəbər tutan Əskərov təcili İsmayılovaya verdiyi etibarnaməni ləğv etdirir və məsələ daha da qəlizləşir.

Əsgərova məlum olur ki, işin arxasında Arif Paşayev yoxdur. Əskərov peşekar dələduzlarla hüquqi müstəvidə mübarizəyə başlamağı qərara alır.
X.Əskərovun həyat yoldaşı Kəmalə Əskərova Nəsimi rayon Məhkəməsinə müraciət edir. Kəmalə xanım cavabdeh qismində isə “Bank of Azərbaycan”ASC-nin nümayəndələrini, “Paşa” MMC-nin direktoru Qənirə İsmayılovanı göstərir. Nəsimi rayon Məhkəməsinin 24.12.2012-ci il tarixli, hakim İkram Şirinovun sədrliyi ilə keçən iclasında araşdırmalar aparılır. Məhkəmə aydın edir ki, Kəmalə və Xaliq Əskərovların mülkü dələduzların vasitəsilə qeyri-qanuni olaraq “Bank of Azərbaycan” ASC-nin mülkiyyətinə verilib. Daha sonra aydın olur ki, Qənirə İsmayılovanın və başçılıq etdiyi dəstənin bu kimi dələduz əməllərinin sayı hədsiz dərəcədə çox imiş. Əskərovdan başqa İsmayılova 14 nəfəri də dələduzluq yolu ilə müflis edibmiş.

Əməlinin artıq hamıya məlum olduğunu və dələduzluğu həddən çox törətdiyini yaxşı dərk edən İsmayılova Rusiya Federasiyasına qaçır. Lakin hüquq-mühafizə orqanları İsmayılovanı 08.07.2011-ci ildə Rusiya ərazisində həbs edərək Azərbaycana qaytarırlar. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əhməd Quliyevin sədrliyi ilə 02.08.2012-ci il tarixdə keçirilən iclasında bütün məsələlərə əsl hüquqi qiymət verilir. Qənirə İsmayılova və dəstəsinin müxtəlif dələduzluq yolu ilə Bakı şəhər sakinləri Namiq Vahabova 71 min 135 manat, Allahverdi Allahverdiyeva 60 min 847 manat, Aqil İbad oğlu Əliyevə 11 min 607 manat, Yaşar Məmmədova 33 min manat, Arif Allahverdiyevə 30 min manat, Tair Quliyevə 40 min manat, Məmməd Məmmədova 2 min manat, Elşən Kərimova 8 min 500 manat, Anar İsmayılova 3 min 540 manat, Nəriman Abdullayeva 13 min, 400 manat, Yaqut Nəsirovaya 14 min 682 manat, Ziba Səfərovaya 8 min 982 manat ziyan vurduqları məlum olur. Əsgərov Nəsimi rayon Məhkəməsindən əvvəl dələduzların tutulub məsuliyyətə cəlb edilməsi məqsədi ilə, yaşadığı ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə müraciət etdiyindən, onun da adı digər 14 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində düşür.
Cavabdeh kimi Qənirə İsmayılova özünü bu məhkəmədə qismən təqsirli bilib və deyilənlərin həqiqət olmadığını hakimlərin diqqətinə çatdırıb. Haqlı olaraq hakim Əhməd Quliyev cavabdeh Qənirə İsmayılovaya irad bildirib ki, “qoy bu deyilənlərin 1-i, 2-si, 3-ü yalan olsun, yəni bu 15 nəfərin hamısı yalan danışır?” Gətirilən sübutlar, faktlar və şahidlər qarşısında Qənirə İsmayılova heç bir arqument gətirə bilməmiş və onun 15 nəfərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurduğu sübut olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi obyektiv və hərtərəfli araşdırmadan sonra hökm çıxarıb:

“… Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 34, 351,353, 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 03.05.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il azadlıqdan məhrum etmə cəza ilə qismən toplanılın və Q.E.İsmayılovaya qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin…”

Məhkəmə hökmündən göründüyü kimi Qənirə İsmayılova dələduzluq peşəsinin əsl peşəkarı imiş. Çünki Səbail rayon Məhkəməsində də bu əməlinə görə cəza alır. Lakin sahibkarlara vurulan külli miqdarda ziyanın necə ödənilməsi sual olaraq qalır. Əlavə olaraq məlum olubr ki, İsmayılovanın yaratdığı saxta “Paşa”MMC-də dövlətə küllü miqdarda vergi borcu yaranıb. Borc isə 164 min 611 manat təşkil edir. Həmin pulun dövlətə ödənilməsi də məhkəmə hökmündə yer alıb.

Nəsimi rayon Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsi kimi əsl həqiqəti ortaya çıxa bilir. Məlum olur ki, Xaliq Əskərov mülkün alqı-satqısına dair etibarnaməni Qənirə İsmayılovaya versə də, “Bank of Azərbaycan” ASC-dən pulu Ədalət Əkbərov adlı bir başqası götürüb. Bankların 2-3 min manatı vermək üçün ciddi şərtlər qoyduğu məlum məsələdir. Lakin, “Bank of Azərbaycan” ASC-də mülk Qənirə İsmayılovanın adına olduğu halda, mülkiyyət Ədalət Əkbərovun adına ipoteka yuklü edilir, külli miqdarda pulu isə, yenə Qənirə adlı qadın götürür. Bu barədə Nəsimi rayon Məhkəməsinin hələ 29.12.2009-cu il tarixli 2(006)-4003/2009 saylı qətnaməsi də var. Həmin qətnamədə yazılıb:
“… İddiaçı “Bank of Azərbaycan” ASC-nin “Paşa”MMC, İsmayılova Qənirə Eldar qızına, Əkbərov Ədalət Həbib oğluna və Əskərov Xaliq Qələndər oğluna qarşı “Kredit borcun tələb olunması və ipoteka yolu ilə yüklənmiş obyektin açıq hərracdan satılması barədə iddia tələbi” qismən təmin edilərək cavabdeh “Paşa” MMC-dən 975 min ABŞ dolları əsas borcun, 149 min 392 ABŞ dolları faiz borcu, 26 min 162 ABŞ dolları pulu, cəmi 1 milyon 150 min 554 ABŞ dolları məbləğində pul tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən məzənnəsi nəzərə alınmaqla dövlətə ödənilməsi təmin edilsin.”

Məhkəmə araşdırmasında göstərilir ki, cavabdehlər Qənirə İsmayılova və Ədalət Əkbərovun bu pulları ödəməyə imkanları olmadıqda hər birinin Bakı şəhərindəki mənzilləri hərrac yolu ilə satılıb, həmin borca yönəldilməsi təmin edilsin. Məhkəmədə o da göstərilir ki, bütün sənədlərin təsdiq edilməsində Bakı şəhərindəki 43, 46 və 19 saylı Dövlət Notariat Kontorları böyük rol oynayıb. Nəhayət, məhkəmə sonda belə bir qətnamə qəbul edir:

“… İddia qismən təmin edilsin.
Cavabdehlər:“Bank of Azərbaycan” ASC, “Paşa”MMC və Əskərov Xaliq Qələndər oğlu arasında Abşeron rayonu Saray qəsəbəsi M.Müşviq küçəsi 55 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 14.09.2009-cu il tarixli 425/03 saylı ipoteka müqaviləsi və hərracın nəticələrinə dair “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”-nin 21.09.2010-ci il tarixli 72/01 saylı protokolu etibarsız hesab edilsin və “Bank of Azərbaycan” ASC-nin adına verilmiş 308013002161-06301 reyestr nömrəli 1610015233 qeydiyyat nömrəli 27.01.2011-ci il tarixli, seriya MA0139241 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin.”

Nəsimi rayon Məhkəməsi Əskərova dələduzlar tərəfindən edilmiş qanunsuzluğu müəyyən etmiş və ziyanın ödənilməsi üçün qərar çıxarılmışdır. Amma bu qanunsuzluqlara rəvac verən 43, 46 və 19 saylı Dövlət Notariat Kontorlarının (DNK) rəisləri məsuliyyətdən kənarda qalmışlar. Əslində isə, həmin DNK rəisləri öz işlərində qanunçuluğu əsas tutmalı və hər hansı bir müqavilə, arayış təsdiqlənəndə mütləq dövlət sənədlərinə istinad etməlidir. Ancaq göründüyü kimi hər üç DNK rəisi şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq vətəndaşlara həm maddi, həm də mənəvi ziyan vurmuşlar.

Onu da qeyd edək ki, Q. İsmayılova əvvəllər 2 saylı Tibb Texnikumunda direktor müavini işləyib və o vaxt dələduzluq etdiyinə görə məhkəmədən cərimə ilə canını qurtara bilib.

Bu məhkəmə qəralarından sonra Qənirə İsmayılovanın nümayəndəsi və “Bank of Azərbaycan” ASC Nəsimi rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verirlər.
Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyası 12.07.2013-cü il tarixli hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən iclasında Nəsimi rayon Məhkəməsində qərarlar hakim Natiq Abbasova “inandırıcı” gəlmir. Odur ki, hakim Abbbasov Əskərovun oğlu Zaur Əskərovu “ sövdələşməyə” dəvət edir. Burada Əskərovun həyat yoldaşı Kəmalə Əskərovanın Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə yenicə ünvanladığı məktubdan sitat gətirmək yerinə düşərdi: “Apellyasiya Məhkəməsi dövründə həyat yoldaşım Xalid Əskərov xəstələndiyinə görə məhkəmə məsələləri ilə oğlum Əskərov Zaur Xaliq oğlu məşğul olurdu. Apellyasiya Məhkəməsinin hakimi Natiq Abbasov oğlum Zauru yanına dəvət edib Nəsimi rayon Məhkəməsinin 24.12.2012-ci il tarixli qətnaməsini qüvvədə saxlayaraq bizim xeyrimizə qətnamə qəbul etməsi üçün 20 min manat pul istəyib. Bu işdə haqqlı olduğumuzu bildiyimiz üçün hakimə rüşvət verməkdən imtina etdik.”
Rüşvət almaqdan imtina edən Natiq Abbasov məhkəminin sonunda belə bir qətnamə çıxarır:

“… Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin.
Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24.12.2012-ci il tarixli qətnamə ləğv edilsin.
Kəmalə Nuru qızı Əskərovanın cavabdehlər “Bank of Azərbaycan” ASC-yə, “Paşa” MMC-yə, Qənirə Eldar qızı İsmayılovaya və Bakı Şəhəri 19 saylı Dövlət Notariat Kontoruna qarşı Kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin.”
“Tutaq ki, Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsini qərarını ləğv elədi, çox gözəl. Axı, bu qərarla dələduzluğu sübut olunan Qənirə İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda da cəzasını çəkir. Əgər Natiq Abbasov hesab edirsə ki, Nəsimi Rayon Məhkəməsi düzgün qərar çıxartmayıb, onda zəhmət çəkib Qənirə İsmayılovanı da azadlığa buraxsın. Əgər yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edirsə, təbii ki, tutulanlar da buraxılmalıdır. Mənim bu sualıma hakim Natiq Abbasov cavab verə bilmədi.” – deyə Xaliq Əsgərov saytımıza bildirib.
Əskərovun həyat yoldaşı K.Əskərova Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edir. Ali Məhkəmənin 10.01.2014-cü il tarixli, hakim İslam Əliyevin sədrliyi ilə keçirilən iclasınının qərarı da Apellyasiya Məhkəməsinin qərarından fərqlənmir:

“… Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:

İddiaçı Əskərova Kəmalə Nuru qızının kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-2213 saylı 12 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Xaliq və Kəmalə Əskərovların son ümidi Konstitusiya Məhkəməsinə qalır. Bu orqanda isə Əskərovların şikayəti 8 ay gözlədiləndən sonra, “İşə baxılması rədd edilsin” kimi qərar çıxarılır. Konstitusiya Məhkəməsi 8 ay nəyi araşdırıb və nəyə baxılmasını rədd etdiyi isə məslənin ən maraqlı tərəflərindəndir.

“Məlum olduğu kimi “Bank of Azərbaycan”ASC Nəqliyyat Naziri Ziya Məmmədova və onun ailəsinə məxsusdur. İndi yəqin sizə də məlum olur ki, nəyə görə məhkəmələr bilə-bilə qanunsuzluğa gedirlər. Görünür, Ziya Məmmədova qarşı durmaq hakimlərin gücündə deyil. Ancaq vəzifəsi Ziya Məmmədovdan qat-qat üstün olan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bəs niyə ədaləti bərpa etməyib? Cavabı çox sadədir. Özüm şəxsən araşdırmalar aparmışam və müəyyən etmişəm ki, Ziya Məmmədov bu işin bağlanması üçün külli miqdarda xərcə salınıb… İstəsəniz pulun dəqiq miqdarını öyrənib deyərəm”. – deyə Xaliq Əsgərov baş verənləri şərh edir.

Vətəndaşın son ümid yeri Konstitusiya Məhkəməsinə qalır. Lakin burada da gözlənilən ümidlər puç olur. Xalid Əskərov Prezident Administrasiyasında qəbul edilir və orada Əskərova çox yenidən Konstitusiya Məhkəməsinə müraciət etməsini məsləhət görülür və bu məsələnin daha dəqiq araşdırılması üçün PA-dan Konstitusiya Məhkəməsinə göstəriş verilir. Lakin bu dəfə də şikayətçinin ümidləri doğrulmur. Belə ki, KM-in Qəbul Şöbəsində Anar Cəfərov kobud şəkildə şikayətçilərə “Gedin hara istəyirsiz şikayət edin” deyə cavab verib.

Sonda onu da qeyd edək ki, Xaliq Əsgərov biznesinə dəymiş zərərdən əlavə olaraq sosial vəziyyətinin pisləşməsi səbəbindən iki evini və maşınını satmaq məcburiyyətində qalıb. Həmçinin ona qarşı dələduzluq etmiş Qənirə İsmayılova məhkəmə qarşısında açıq-aydın hədə gələrək Xaliq Əsgərovu və ailəsini ölümlə hədələyib. “Qənirə İsmayılova məhkəmədə mənə hədə gəldi və dedi ki, elə bilmə ki, içəridəyəm (həbsdə) deyə əlim-qolum bağlıdır. Mənim yuxarıda adamlarım var və özüm də burdan çıxanda sənlə məşğul olacam”. – deyə Xaliq Əsgərov olanları şərh edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net