Dedikləri bir deputat səlahiyyətinə sığan deyil axı...
Tarix: 21-10-2015, 12:07 |
Çap et
Hakim Yeni Azərbaycan Partiyasından 109-saylı Balakən seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevlə bağlı DİA.AZ-a ilginc informasiya ötürülüb.
Belə ki, redaksiyamıza rayondan verilən informasiyada Nəsib Məhəməliyevin rayonda fərqli təbliğat kampaniyası apardığı bildirilir.
Rayondakı qaynaq dia.az-a bildirir: "Nəsib Məhəməliyevin adından hərəkətdə olan onun Balakəndə icra başçısı olduğu dövrdə, icra hakimiyyətinin birinci müavini işləmiş Vahid Ustayev və keçmiş torpaq və xəritəçəkmə komitəsi Balakən rayon şöbəsinin müdiri Sabir Qardaşov və daha bir neçə sabiq məmurlar əhali arasında təbliğat apararaq iddia edirlər ki, əgər Məhəməliyev deputat seçilərsə, o zaman rayonda hər şey dəyişəcək və bütün problemlər həll olunacaq.
Bu gün Balakənin bir nömrəli qayğısı işsizlikdir. Məhəməliyevin təbliğatçıları da bunu bildiklərindən əhalini "iş yeri nağılı" ilə aldadırlar. Onlar iddia edirlər ki, guya Məhəməliyevin Bakıda tikinti ilə məşğul olan qardaşı Balakəndə 2000 nəfərə iş yeri olacaq müəssisə yaradacaq.
Camaat da buna inanır. Hətta Məhəməliyevin adamları bildirirlər ki, guya Nəsib müəllim deputat olarsa, o zaman başçını da dəyişdirtirəcək və xalqa yaxın birisinin təyin olunmasına çalışacaq".
Hər halda Nəsiminin sabiq başçısının vəd verməsi normal hal olsa da, belə vədlərdə bulunması ən azından yalançılıq kimi qəbul oluna bilər. O ki qaldı başçının dəyişdirilməsinə... görünür, Məhəməliyev yerli rəhbərliklə dil tapa bilməyib...
Qarşı tərəfi də dinləməyə hazırıq...