Qazaxda hərbi qulluqçu DYP əməkdaşına güc nümayiş etdirdi və...
Tarix: 15-10-2015, 10:04 |
Çap et
Etiraf edək ki, bu gün ölkənin bir çox mətbu orqanlarının, eləcə də bizim qəzetin səhifələrində bu və ya digər Dövlət Yol Polisi əməkdaşının fəaliyyətindən bəhs edən hər hansı material dərc olunursa, əksər hallarda həmin yazı məhz tənqidi xarakter daşıyır. Əlbəttə ki, istisnalar da olur. Neə deyərlər, pisi pis, yaxşını yaxşı yazmaq bizim borcumuzdur. Amma DYP əməkdaşının, xüsusən də rəhbər vəzifəli işçinin hər hansı olayda birbaşa zərərçəkmiş kimi təqdim olunması hallarına kifayət qədər az rast gəlinir. Bu dəfə haqqında bəhs edəcəyimiz insidentdə isə məhz zərərçəkmiş şəxs qismində Qazax Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi Ramiz Qasımov çıxış edib. Xoşbəxtlikdən, baş vermiş hadisə nəticəsində xəsrət alan olmasa da, həm yol hərəkəti qaydaları, həm də qanunlar kobud şəkildə pozulub. Maraqlıdır ki, qanun pozuntusuna yol verən şəxsin özü də, mahiyyət etibarı ilə bu qanunlarımızın keşiyində duran (bəlkə də durmalı olan desək, daha uyğun olar) bir insan, yəni hərbi qulluqçu olub. Hadisə isə Qazax rayonu ərazisində baş verib. Məlumatı təqdim edən mənbə bildirir ki, N saylı hərbi hissədə xidmət edən Rəşad Əliyev idarə etdiyi 35-BX-313 dövlət nömrə nişanlı, “Opel” markalı şəxsi avtomobili ilə rayon ərazisində hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Qayda pozuntusunu müşahidə edən DYP əməkdaşları Rəşad Əliyevə avtomobili saxlamaq işarəsi veriblər. Bu zaman Qazax DYP şöbəsinin rəisi Ramiz Qasımov da hadisə yerində olub. Elə avtomobili saxladıqdan sonra Rəşad Əliyevdən sənədlərini təqdim etməyi ələb edən də məhz Ramiz Qasımov olub. Lakin Rəşad Əliyev gözlənilmədən DYP əməkdaşlarına qarşı təhlükəli aqressivlik nümayiş etdirmək qərarına gəlib. Belə ki, idarə etdiyi avtomobili yenidən hərəkətə gətirən hərbi qulluqçu, maşını birbaşa Ramiz Qasımovun üstünə sürüb. Hətta yaranmış vəziyyətdə DYP əməkdaşları qəzadan qurtarmaq üçün kənara sıçrayaraq, yerlərini dəyişməli olublar. Məhz elə bu səbəbdən də hadisə yerində xəsarət alan olmayıb. Bundan sonra Rəşad Əliyev avtomobili hadisə yerində qoyaraq, özü ərazini tərk edib. Mənbənin bildirdiyinə görə, Rəşad Əliyev hadisə yerindən gedərkən DYP əməkdaşları ilə bu sözlərlə vidalaşıb: “Məndən şikayətiniz varsa, briqada komandiri İdris müəllimə müraciət edə bilərsiz...”
Əlbəttə ki, bir dövlət məmurunun digərinə qarşı belə bir aqressiv və saymazyana münasibət sərgiləməsi artıq özü-özlüyündə yolverilməz haldır. Xüsusən də bu məmurlar güc strukturlarını təmsil edirlərsə. Maraqlıdır, görəsən belə olan halda Rəşad Əliyev tərəfindən adı hallandırılan briqada komandiri İdris müəllim bu şəxsə dövlət mənafeylərinin müdafiəsilə bağlı məsələlərdə necə etibar edə bilir? Amma redaksiyamıza olayla bağlı təqdim olunan digər bir məlumatda İdris müəllimin komandiri olduğu N saylı hərbi hissədə Rəşad Əliyevin qanun pozuntularına meyilli olan heç də yeganə qulluqçu olmadığı bildirilir. Belə ki, təqdim edilən açıqlamaya görə, bu hərbi hissənin digər bir qulluqçusu artıq neçə vaxtdır ki, Şirvan şəhərində yaşayan Nizami adlı bir vətəndaşdan avtomobil alıb. Amma aradan xeyli müddət keçsə də, hərbiçi aldığı avtomobilə görə vətəndaşa borclu qaldığı 4 min manat məbləğində pulu hələ də ödəməyib. Bununla yanaşı həmin şəxs Nizami ilə qarşılaşmaqdan da əsil hərbiçi məharətilə yayınaraq, öz hərəkətinə görə vətəndaşa heç bir açıqlama da vermir...
Materialda adı keçən bütün şəxslərin mövqeyini öyrənməyə hazırıq.