İmişlidə deputatla icra başçısının komik “seçki texnologiyası”
Tarix: 8-10-2015, 09:32 |
Çap et
79 saylı İmişli Seçki Dairəsindən yenidən namizədliyini irəli sürərək, deputat olmaq istəyən Əsabi Qasımov bu dəfə də mandat sahibi olacağına böyük ümid bəsləyir. JAM.AZ xəbər verir ki, hal hazırda Milli Məclisin deputatı olan sözügedən şəxs “demokratik seçki” görüntüsü yaratmaq üçün addım atarkən “qaş düzəltdiyi” yerdə, vurub “göz çıxarıb”.
Qeyd edək ki, Əsabil Qasımov bu zaman özünün alternativlərini formalaşdırıb və onlara bir xeyli vədlər verib. Belə ki, deputat özünə yaxın olan adamları namizəd kimi qeydə aldırıb. Onların arasında xeyli sayda işsiz də var. Və maraqlı odur ki, işsiz olan bu imişlilərə iş verməyən sahibkar-deputat hansı üzlə onların namizədliyinin irəli sürülməsini təşkil edib?
Təbii ki, bu suala biz cavab verə bilmərik. Amma möhtərəm Qasımov həmin sualı cavablandıra bilər. İndi isə keçək mətləbə. JAM.AZ-ın araşdırmalarına görə, Əsabil Qasımovun 79 saylı İmişli seçki dairəsində “demokratiya görüntüsü” yaratmaq üçün namizdəliyini irəli sürdürdüyü şəxslərdən biri elə onun qohum-əqrabasıdır. Məsələn, İmişli Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Ağalar Cavadovun deputatla qohumluq əlaqəsinin olduğu deyilir. Üstəlik, Cavadovu namizədliyini irəli sürməsinə razı salanlardan biri də İmişlinin icra başçısı Vilyam Hacıyev olub. Daha doğrusu, Hacıyev Cavadovdan belə bir addım atmasını tələb edib.
“Araz” MMC-də texnoloq olaraq çalışan Famil Cəbrayılovun seçki haqqında anlayışının olmadığı deyilir. JAM.AZ-a verilən məlumata görə, bu şəxsin də namizdəliyini irəli sürməyə vadar edən deputatla icra başçısı olub. Ki, say çox olsun.
Fermer Qəhrəman Ələkbərov isə Əsabil Qasımovla birgə çalışan şəxslərdən sayılır. İddia edilir ki, “Karmen”in taxılının bir qismini elə deputatlığa namizəd verir.
İşin ən ilginc tərəfi isə odur ki, Əsabil Qasımov özünə xeyli sayda işsizi alternativ seçib. Belə ki, Müstəqil Alkişiyev, Anar Firidunlu, Elgün Tağıyev, İsmayıl Yusifov MSK-nın qeydiyyatında işsiz olaraq göstərilib. Deputatlığa namizəd Habil Şirinov isə təqaüdçüdür. JAM.AZ-a çatan məlumatlara görə, işsiz olaraq qeydə alınan namizdələrə vəd verilib ki, seçkilərdən sonra onlara Əsabil Qasımovun “Karmen” şirkətində iş veriləcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.