Qazaxda bələdiyyə sədrinin oyunbazlığı
Tarix: 16-09-2015, 10:12 |
Çap et
Bu gün ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Bu sahədə imzalanan dövlət proqramları bölgələrdə əyani şəkildə özünü büruzə verməkdədir. Belə ki, bu gün Azərbaycanın elə rayonu yoxdur ki, orda abadlıq, geniş quruculuq işləri həyata keçirilməsin. Təbii ki, regionlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsi büdcədən ayrılan vəsaitlərin hesabına həyata keçirilir.
Lakin bəzi qurumlar ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır. Belə qurumlardan biri də yerli özünüidarəetmə orqanlarıdır. Təəssüf ki, bələdiyyələrin fəaliyyəti bu günə qədər heç vaxt qənaətbəxş olmayıb. Dəfələrlə bu qurumun fəaliyyəti tənqid atəşinə tutulub. Lakin edilən tənqidlər hələ də bir nəticə verməyib. İstər paytaxtda, istərsə də regionlarda fəaliyyət göstərən bələdiyyələrdə özbaşınalıq, qanunsuzluq baş alıb gedir. Qazax rayon bələdiyyəsiylə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur. Qazax bələdiyyəsinin sədri Oqtay Hüseynovun yarıtmaz fəaliyyəti rayon camaatının haqlı narazılığına səbəb olub. Belə ki, sədrin fəaliyyəti yalnız öz maraqlarına xidmət edir. Büdcədən bələdiyyəyə vəsait ayrılmasına baxmayaraq, bələdiyyə sədri heç bir iş görmür. Gördükləri işlər də camaatın xeyrinə deyil, öz xeyrinədir. Belə ki, vətəndaşların sözlərinə görə, bələdiyyənin hesabına xeyir-şər çadırı alan sədr onu rayon camaatına pulnan kirayəyə verir. Bələdiyyə sədrinin rayonda olan kasıb, imkansız şəxsləri nəzərə almadığını deyirlər. Ehtiyaclı insanlardan müəyyən məbləğ almasalar, çadırı vermirlər. Halbuki Qazax bələdiyyə sədri hər yerdə bildirir ki, imkansız insanlara pulsuz verir. Qazax sakinləri isə bunun yalan olduğunu bildirir. Bundan savayı vətəndaşlar bildirirlər ki, rayondakı parklara fikir verən yoxdur. Parkda bu vaxta qədər abadlıq işləri aparılmayıb. Qazax sakinləri bir müddət də parka diqqət yetirilməsə istifadəyə yararsız olacağını bildirirlər. Mənbə onu da qeyd edir ki, icra hakimiyyətindən də bələdiyyəyə köməklik edilir. Lakin buna baxmayaraq bələdiyyə sədri Oqtay Hüseynov rayonda heç bir iş görmür. Bu da rayon camaatının haqlı narazılığına səbəb olub. Hətta Qazax sakinəri bələdiyyə sədrindən icra başçısına şikayətlər etməsinə baxmayaraq, icra hakimiyyətindən məsələyə reaksiya verən olmayıb. Odur ki, rayon sakinləri məsələnin mediada işıqlandırılması üçün redaksiyamıza müraciət edib.
Sözügedən yerli özünüidarəetmə orqanında çalışan işçilərin əmək haqqının ödənilməsində də müəyyən problemlər var. Onlar maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Bələdiyyə sədri bunu büdcədə vəsaitin olmamasıyla əlaqələndirir. İşçilər isə dəfələrlə sədrə bu vəziyyətdən narazı olduqlarını bildirsələr də, sədr bütün bunları görməzlikdən və eşitməzlikdən gəlir.
Rayondakı mənbələrin Vertikal.az-a verdiyi məlumata görə, Oqtay Hüseynov bələdiyyənin ehtiyat fonduna aid torpaqları özününküləşdirib, rayonda onlarla həyətyanı sahəni özü üçün qohumlarının adına rəsmiləşdirib.
Rayon camaatını narahat edən məsələlərdən biri içməli və təsərrüfat suyunun fasilələrlə verilməsi problemlər yaradır. Belə ki, su kanallarında ekoloji vəziyyət gərginləşib, ərazi zibillənib, su ərazidə istifadəçilər arasında tam və kifayət qədər bölünmür. Rayon camaatı əkin suyunun azlığından şikayət edərək torpaqların şoranlaşmasının qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirlər.