“Bundan sonra deputat olmasa da, qazandığı bəs edər“
Tarix: 8-09-2015, 10:51 | Çap et
“Bundan sonra deputat olmasa da, qazandığı bəs edər“
Bu dəfə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılov barədə seçicilər arasında sorğu keçirmişik.

Sorğu zamanı məlum olub ki, seçicilərin təxminən 70 faizi İsmayılovun deputat kimi fəaliyyətindən narazıdır. Otuz faiz isə onun millət vəkili olmasından ümumiyyətlə xəbərsizdir:

"İmamverdi İsmayılovun adını yalnız seçkidən seçkiyə eşidirik. Qubadlı və Zəngilan camaatı məskunlaşmış yerlərə nümayəndələrini göndərir, tədbirlər keçirtdirir. Çox vaxt da həmin tədbirlərdə təhsil və səhiyyə işçiləri iştirak edirlər. O da ki məcburiyyətdən".

Qubadlıdan olan seçicilər isə onun deputat olmasının əleyhinədirlər. Səbəb İsmayılovun Qubadlı və Zəngilandan olan seçiciləri arasında ayrı-seçkilik etməsidir:

"İmamverdi müəllim Zəngilan rayonundandır. Ona görə də Qubadlı camaatının problemlərinə daha biganə yanaşır. Yenə də zəngilanlılar onu xeyirdə, şərdə görüb sözlərini deyə bilirlər".

Başqa bir seçici bildirir ki, İ.İsmayılovun son beş ildə gördüyü ən böyük iş Sumqayıt şəhərindəki obyektlərinin sayını artırmaq olub:

"Sumqayıtda onun obyektlərinin sayı-hesabı yoxdur. Çoxu da öz adına deyil. Amma camaat bilir ki, həmin obyektlər ona məxsusdur. Çox istərdik ki, deputatımız obyektlərinin sayını artırmağa can atdığı kimi, heç olmasa, seçicilərinin problemləri ilə də maraqlansın. Həm də bu adam neçə illərdir deputatdır. Yaxşı olardı ki, bu dəfə namizədliyini verməsin. İstər Qubadlıdan, istər Zəngilandan daha gənc, savadlı, perspektivli, seçici üçün işləməyi bacaran gənclər var. Onlardan biri namizəd olsaydı, daha yaxşı olardı. İmamverdi İsmayılov da indiyə kimi qazandığını qazanıb, yığdığını yığıb. Məncə, bundan sonra deputat olmasa da, qazandıqları ona bəs edər".


Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir. Evlidir, 3 övladı var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net