Məgər Elza Seyidcahan heyvanlar üçün konsert vermədimi?
Tarix: 11-08-2015, 10:57 | Çap et
Məgər Elza Seyidcahan heyvanlar üçün konsert vermədimi?
infom.az-ın Cənub bürosuna Yardımlı rayonundan maraqlı məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, icra başçısı Sevindik Hətəmov rayonda hansısa bayram tədbirinin təşkilini Qəbələ rayonunda qeydiyatda olan “Mirana-Aston Villa” MMC-yə həvalə edib, yerinə yetirilən iş və xidmətin dəyəri olaraq şirkətin hesabına büdcə vəsaitindən nə az, nə çox- düz 100 min manat pul köçürüb.

Həmin vəsaitlə hansı bayramın qarşılanmağını müəyyənləşdirmək müxbirimizə nəsib olmayıb. Çünki onun şifahi sorğusunu Yardımlı RİH-in səlahiyyətliləri cavablandırmayıb.

Fikirləşdik ki, bəlkə icra məmurları təvazökarlıq edərək gördükləri işi reklam etmək istəmirlər, bəlkə onlar elə möhtəşəm törən düzənləyiblər, ümumxalq sevincinə səbəb olan bir ideya gerçəkləşdiriblər, xəbərimiz olmayıb. Ona görə bütün şübhə və neqativ ehtimalları yaxın buraxmayıb, Yardımlı RİH-in rəsmi internet səhifəsini diqqətlə nəzərdən keçirdik.

Saytda bu il cəmi 6 bayram qeyd olunub ki, onlar, fotoşəkillərdən göründüyü kimi, elə də təmtaraqlı deyil. Tədbirlərdən 3-ünə konsert proqramı daxil edilsə də, ifaçılar yerli mədəniyyət işçiləri olub. Qalan 3 tədbir isə büdcə təşkilatları işçilərinin iştirakı ilə elə aparatın akt zalında, yəni zurnasız-qavalsız keçirilib.

Məsələnin maraqlı tərəfi ondadır ki, bu “möhtəşəm” bayramdan, atəşfəşanlıqdan yerli ictimaiyyət xəbər tutmayıb.

Müxbirimizin sorğusunu cavablandıran sakinlər əvvəlki illərdən fərqli bir şey müşahidə etmədiklərini, ümumiyyətlə, bu bayram törənlərindən yaddaqalan nəsə olduğunu xatırlamadıqlarını deyiblər.

Bəs onda görəsən bu “100 minlik bayram” nə bayramıdır, nə vaxt, hansı dağın dalında keçirilib?

Bəlkə tədbir heç insanlar üçün olmayıb. Məgər Elza Seyidcahan heyvanlar üçün konsert vermədimi?

Bu şirkətin adından- “Mirana-Aston Villa”dan da adamın gözü su içmir. Bu formula 2 futbol klubunun qarşılaşmasına bənzəyir. Deyəsən bu 100 min manat bayrama yox, oyuna gedib.

Sevindik müəllim onun nəyinə, indiyə qədər gördüyü hansı işinə görə sevib-seçib- bu da bilinmir.

Deyəsən əsil bayram keyfini elə o şirkət çıxarıb. Zarafat deyil, durduğu yerdə kənardan hesabına 100 min manat daxil olsa, bunu kim bayram etməz ki?..





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net