İlham Mustafayev də, sabiq baş həkimin yolunu davam etdirir
Tarix: 30-07-2015, 11:01 |
Çap et
Təhsil sahəsində olduğu kimi, bu gün əsas müzakirə obyektlərindən biri də səhiyyəmizdir. Belə ki, son illər səhiyyənin inkişafı, yeni xəstəxana binalarının tikilərək istifadəyə verilməsinə baxmayaraq, bu gün səhiyyəmizdəki durum heç də qənaətbəxş hesab edilmir. Vətəndaşların durmadan artan şikayətləri, edilən narazılıqlar, həkimlərin səhlənkarlığı ucbatından xəstələrə ya səhv diaqnozun qoyulması, yaxud da dünyalarını dəyişmələri halları kifayət qədərdir. Səhiyyənin bu duruma gəlməsində günahkar kimdir desəniz? Bir çox faktları sadalamaq olar. İlk növbədə təbii ki, səhiyyəmizin belə bir duruma gəlməsində səbəbkar və günahkar vəzifəsindən sui-istifadə edən bəzi həkimlərimizdir.
Təkrarçılıq kimi olmasın amma, artıq həkimlərə olan inamsızlıq, özəl və dövlət xəstəxanalarındakı durum, firma dərmanları, səhv qoyulan diaqnozlar, həmçinin yanlış aparılan müalicələr bugünkü səhiyyənin vəziyyətini çılpaqlığı ilə göstərmiş olur. Bu kimi səbəblərdən vətəndaşlar həm müayinə, həm də müalicə üçün başqa xarici ölkələrə getməyə daha çox üstünlük verir. Demək olar ki, artıq böyük bir kütlə əvvəlcədən özəl klinikaya pul köçürüb rahat olmağa üstünlük verir. Təbii ki, bu durumu hər kəsə şamil etmək olmaz. Çünki özəl klinikaların təklif etdikləri qiymətlər heç də, hər kəsin cibinə, büdcəsinə uyğun olmur. Elə bu nöqteyi-nəzərdən də vətəndaşlar məcburiyyətdən dövlət xəstəxanalarını seçirlər. Lakin dövlət xəstəxanası olsa da, yaşananlar, həmin xəstəxanalardakı vəziyyət tamam başqadır. Belə ki, bu gün dövlət xəstəxanalarında şikayət edilən ilk durum, xəstəyə müalicə üçün yazılan bütün dərmanların öz hesablarına alınmasıdır. Bu kimi hallara paytaxtda yerləşən dövlət xəstəxanalarında rast gəlinsə də, bölgələrdəki dövlət xəstəxanaları da onlardan heç geri qalmır. Elə bu səbəbdən də, demək olar ki, hər həftə hansısa bölgənin səhiyyəsindən şikayətlər daxil olur. Elə bu günlərdə də, Ağstafa rayonundan şikayət daxil olub ki, bunu sizlərlə bölüşmək istərdik. Daxil olan məlumatlarda Ağstafa rayonunda səhiyyənin demək olar ki, yox dərəcəsində olmasından gileylənirlər. İddialara görə, Ağstafa rayonunda fəaliyyət göstərən səhiyyə ocaqları bərbad vəziyyətdədir. Ağstafa rayon Mərkəzi Xəstəxanası da həmçinin. Rayon əhalisi Ağstafa Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Elşad Məmmədov işdən çıxarılanda seviniblərmiş ki, nəhayət Ağstafa səhiyyəsinə də "gün doğacaq." Amma necə deyərlər, sıravi ağstafalılar saymağında olsun, görək xəstəxananın yeni baş həkimi İlham Mustafayev "nə sayır". Əldə etdiyimiz məlumata görə, İlham Mustafayevin gəlişindən sonra durum bir qədər də qəlizləşib. Xüsusilə də əhalinin daha çox müraciət etdiyi rayon Uşaq Xəstəxanasında baş alıb gedən qanunsuzluqlar və bu kimi digər neqativ hallar artmağa başlayıb. Deyilənə görə, Ağstafa Uşaq Xəstəxanasının baş həkimi İradə Batıyeva Ağstafa RMX-nın keçmiş baş həkimi Elşad Məmmədovun həyat yoldaşıdır. Aldığımız məlumatlarda vurğulanır ki, rayonda uşaq səhiyyəsinin tənəzzül prosessi, məhz İ.Batıyevanın bu sahəyə rəhbərlik etdiyi illər ərzində daha qabarıq formada görülməyə başlayıb. Bir sözlə ağstafalılar bu gün rayon səhiyyəsindən qətiyyən yararlana bilmirlər. Vətəndaşlara xidmət göstərməli olduğu halda, əksinə vətəndaşlardan nəsə güdülür. Bu zaman isə, təbii olaraq vətəndaşların narazılıqları ilə qarşılanır. Və sakinlər bu gün rayonda səhiyyənin normal şəkildə olması tərəfdarıdırlar ki, xəstələrini paytaxta gətirmək məcburiyyətində qalmasınlar.
Gündəlik Bakı