İcra başçısından keçmiş müavininə növbəti zərbə
Tarix: 28-07-2015, 11:54 | Çap et
İcra başçısından keçmiş müavininə növbəti zərbə
Goranboy Rayon İcra Hakimiyyəti başçısının qadın müavini Elnarə Yusifovanın işdən kənarlaşdırılması haqda xəbər vermişdik. Qeyd edək ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevlə qadın müavini arasında narazılıq yarandığına görə ikinci işdən çıxarılıb. Məsələ ilə bağlı açıqlama verən Elnarə Yusifova işdən çıxmasının səbəbi kimi İcra Hakimiyyətindəki haqsızlıqları önə çəkib: "İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. O müəssisələrin işində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım. Qadın müavinlərin arasında işdən ilk çıxarılan mənəm və bunu pis qiymətləndirirəm. Qadınları vəzifədə irəli çəkməklə deyil ki, onların arxasında dayanmaq da lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, bəhs etdiyim həmin müəssisələrdə nöqsanlar bundan sonra da heç düzəlməyəcək. Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə lazımdır, bu İcra Hakimiyyəti nəyə gərəkdir? Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb. Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım". E.Yusifova hazırda yerinə təyin edilən Mirvari Ağamalıyevanın isə 30 min manat verərək həmin vəzifəyə gəldiyini vurğulayıb: "Həmin xanım heç nə görmür, deyir 30 min manat verib və o pulu çıxarana qədər oturub gözləyəcək, onun onsuz ayrı nə fəaliyyəti olacaq ki... Mən isə vəzifəyə Prezident Administrasiyasında təsdiq edilmişdim. Onun kimi heç kimə pul verməmişəm. Bəlkə də ona görə məni yola vermədilər. Qəbula düşmək istəyirəm. Bundan sonrakı fəaliyyətimi necə istiqamətləndirmək sahəsində məsləhətlər almaq istərdim. Hələ ki gözləyirəm, bir ay əvvəl teleqram vurmuşam, məktub da yazmışam. İşdən ayrılmağıma görə rayon ictimaiyyəti, qohumlarım da narazıdır. O vəzifədə savadıma güvənirdilər və yoldaşım da arxamda idi. Orada uzun müddət işləməyimin tərəfdarı idi. Yoldaşım Goranboy rayon Şahmat Məktəbinin direktorudur. Amma işləməyim alınmadı". Göründüyü kimi, işdən çıxarılan keçmiş müavin başçı ilə bağlı sensasion sayıla biləcək faktları açıqlayıb. Lakin hansısa səbəblərə görə mətbuat orqanları bu məsələni o qədər də şişirtmədilər. Halbuki, Elnarə Yusifovanın fikirlərinin arasında çox incə məqamlar var. Məsələn, özünün dediyi kimi o bu vəzifəyə Prezident Administrasiyası tərəfindən təsdiqlənib. Ona tapşırılan işləri layiqincə görə bilmək üçün də işləyib. Amma icra başçısı keçmiş müavininin nöqsan aşkarladığı müəssisələrə himayədarlıq etdiyi üçün həmin neqativ məsələlərin araşdırılması üçün heç bir iş görməyib. Üstəlik, Elnarə Yusifovanı bu vəzifəyə məsləhət bilən administrasiya rəsmilərinə qarşı hörmətsizlik edib. Digər tərəfdən, işdən çıxarılan xanım deyir ki, onun yerinə təyin olunan Mirvari Ağamalıyeva bu vəzifəyə keçməkdən ötrü başçıya 30 min manat verib. Od olmayan yerdən tüstü çıxmaz. Belə çıxır ki, icra hakimi müavin postunu alqı-satqı predmetinə çevirib. Aidiyyəti dövlət orqanlarının rəsmiləri məhz bu faktın üstündə durmalıdırlar.

Özəl mənbələrdən aldığımız məlumatlara görə, Nizaməddin Quliyevin işdən çıxardığı Elnarə Yusifovaya qarşı aqressiv münasibəti davam etməkdədir: "Başçı söz verib ki, sabiq müavininin vəzifədə nə qədər qohumu-tanışı varsa, hamısını cəzalandıracaq. Bu məqsədlə artıq ilk addımını atıb. Belə ki, icra hakiminin göstərişi ilə Elnarə xanımın həyat yoldaşı şahmat məktəbinin direktoru vəzifəsindən xaric edilib. Hələ bu harasıdır ki. Rayon rəhbəri özünə yaxın şəxslərdən birinə Elnarə xanımı həbs etdirəcəyini bildirib". Gələn saylarımızda Nizaməddin Quliyevlə Goranboy rayonunun polis rəisi arasındakı soyuq münasibət, onların kimin üstündə bir-birləri ilə üz-üzə gəlməsi, icra başçısının polis rəisinin yerini dəyişdirməyə cəhd göstərməsi və digər maraqlı məsələlər haqqında məlumat verməyə çalışacağıq. Bizi izləməyə davam edin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net