Vüqar Qaradağlının fəaliyyəti ciddi narahatlıq doğurur
Tarix: 20-07-2015, 13:03 |
Çap et
Televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilib, bununla bağlı hətta yüksək mənsəbli dövlət təmsilçiləri də narazılıqlarını ifadə ediblər. Amma, telekanallar tənqidlərdən nəticə çıxartmaq əvəzinə daha böyük rüsvayçılıqlara imza atır. Elə bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bəzi kanallar istisna olunmaqla yerli telekanallara baxmaqdan faktiki olaraq imtina edib. Sıravi vətəndaşların əksəriyyəti isə çıxış yolunu ya türk, ya da rus kanallarına baxmaqda görür. Bu isə hər şeydən öncə ölkəmizin informasiya təhlükəsizliyi baxımından qəbul olunası hal deyil. Təbii ki, burada tamaşaçını qınamaq fikrində deyilik, hər halda Azərbaycan telekanalları rəqabətə davamlı tele layihələr reallaşdıra bilsəydi, düşündürücü və intellektual verilişlərə üstünlük versəydi tamamilə başqa mənzərənin şahidi olardıq. Fakt isə ondan ibarətdir ki, yerli telekanallarımız əsasən plagiat layihələrə üz tutur, dedi-qodu səviyyəsində hazırlanan şou verilişləri ilə efiri doldurmağa çalışırlar. Bütün bunların acı nəticəsi isə göz önündədir.
ATV kanalı yarandığı gündən şou proqramlara üstünlük verib və bu, kanalın demək olar ki, prioritet istiqamətidir. Yarandığı gündən bu vaxta qədər çoxsaylı layihələrə müəlliflik etmiş ATV bir vaxtların ən baxımlı kanallarından idi. Elə bu səbəbdən də ATV ölkə televiziyaları içərisində ən çox reklam əldə edən kanallardandır. Əldə etdiyimiz məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var.
Bununla belə həlli vacib olan bir nömrəli məsələ isə Azərbaycan tele efirində baş alıb gedən rüsvayçılığa "dur” deməkdir. Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, eləcə də digər rəsmilər telekanallardakı dözülməz vəziyyətlə bağlı ciddi araşdırmalara başlandığını bəyan edib.